Mərkəzi Bank banklar tərəfindən likvidliyin effektiv idarə edilməsinə şərait yaratmaq və pul siyasəti hədəflərinə nail olmaq üçün özünün müxtəlif müddətli çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlayacaqdır.
Oxu.Az xəbər verir ki, bunu 2017-ci ilin yekunlarına həsr olunmuş geniş iclasda AMB İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
O bildirib ki, alətlərdən istifadə bank sistemindəki likvidlik vəziyyətindən asılı olacaqdır. Struktur likvidlik profisiti olduğu təqdirdə Mərkəzi Bankın sterilizasiya əməliyyatları üzrə portfeli genişlənə bilər:
“Faiz dəhlizinin parametrləri iqtisadi tsikl göstəriciləri, inflyasiya riskləri balansının təhlili və maliyyə bazarlarının müxtəlif seqmentlərində gedən proseslər nəzərə alınmaqla müəyyənləşdiriləcəkdir. Mərkəzi Bank inflyasiyanın dinamikasını və inflyasiya gözləntilərini nəzərə alaraq uçot dərəcəsinin real səviyyəsinin pozitiv zonada qalmasına üstünlük verəcək”.
E.Rüstəmov qeyd edib ki, siyasət qərarları qəbul edilərkən pul siyasətinin transmissiyası xüsusiyyətləri də nəzərə alınacaq, qərarlar qabaqlayıcı rejimdə qəbul ediləcək. Pul bazarının inkişaf səviyyəsindən asılı olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsi davam etdiriləcək. Əməliyyat hədəfinə effektiv şəkildə nail olmaq, alətlər üzrə kəmiyyət parametlərini adekvat müəyyən etməyə imkan verən likvidliyin monitorinqi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi işləri davam etdiriləcək.
Pul siyasətinin transmissiya effektinin gücləndirilməsi və maliyyə sektorunun resurs bazasının möhkəmləndirilməsindəki rolunu nəzərə alaraq Mərkəzi Bank nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir. Ölkənin nağdsız cəmiyyətə transformasiyasına dair Mərkəzi Bank tərəfindən hazırlanmış dövlət proqramının qəbul edilərək reallaşması yaradılmış müasir ödəniş infrastrukturundan istifadəni əhəmiyyətli yaxşılaşdıra bilər.
E.Rüstəmov həmçinin deyib ki, Mərkəzi Bank son dövrlərdə sürətlə populyarlaşan blokçeyn texnologiyalarının tətbiqi üzrə beynəlxalq prosesləri də izləyir və bu texnologiyalar əsasında maliyyə sektorunda müştəri-bank münasibətlərində rəqəmsal identifikasiya sisteminin yaradılması üzrə pilot layihənin reallaşdırılması nəzərdə tutulur.