Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Mərkəzi Bank: İnflyasiyanın xarici faktorlarında yüksək volatillik qalır
Dövr ərzində monetar şərait qismən yumşalsa da, ümumilikdə neytral qalıb. Pul siyasətinin başlıca əməliyyat hədəfini təşkil edən pul bazası 2017-ci ilin ötən dövründə 8%-dən çox artıb. Kredit aktivliyinin bərpa olunmaması şəraitində pul bazasının artımı bank sistemində izafi likvidliyin akkumulyasiyası ilə müşayiət olunur.
Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, dövr ərzində müxtəlif müddətli açıq bazar və çərçivə alətləri açıq saxlanıb. Lakin bank sistemində yüksək likvidlik şəraitində Mərkəzi Bankın sterilizasiya alətlərinə daha yüksək tələb olub.
Mərkəzi Bankın likvidlik əməliyyatları üzrə real faiz dərəcələri isə milli valyutada yığımları stimullaşdıra biləcək səviyyədə qalır.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2017-ci ilin 8 ayında orta illik inflyasiya 14% təşkil edib.
Qiymət dinamikası və inflyasiya gözləntilərinin amillərində əhəmiyyətli dəyişiklik baş verməyib. İnflyasiyanın xarici faktorlarında yüksək volatillik qalır. O cümlədən cari ildə dünya ərzaq qiymətlərində yüksəlmə və bəzi partnyor ölkələrdə milli valyutaların bahalaşması müşahidə olunub. Ümumi inflyasiya gözləntilərinin ayrı-ayrı məhsul qruplarının və qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətlərinin dəyişiminə həssaslığı qalmaqdadır.
İnflyasiyanın qısa və orta müddətli risk amillərinin təhlili hələlik pul siyasətinə hər hansı əhəmiyyətli korreksiya zərurətini şərtləndirmir.
L.Ə.