"Azərbaycan öz inkişaf miqyasına, resurslarına, iqtisadiyyatın dayanıqlılığına, o cümlədən valyuta ehtiyatlarına görə Cənubi Qafqazın lideridir, Mərkəzi Asiyada isə aparıcı ölkələrdən biridir".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşuna dair müzakirədə bildirib.
"Ölkənin mövcud üstünlükləri və potensialı, təbii-coğrafi üstünlüklər, nəqliyyat dəhlizləri, iqtisadi fəaliyyət ənənələri, mövcud bacarıqları və s. nəzərə alınmaqla qarşıdakı strateji dövrdə iqtisadi artımın bəzi əsas drayverləri kimi potensial enerji habı və ticarəti imkanlarını, yaşıl energetikanı, nəqliyyat-tranzit-logistika sahəsini, qeyri-neft-qaz sənayesini, o cümlədən dağ-mədən və neft-kimya sənayesini, daşınmaz əmlak və tikinti sektorunu, Ələt iqtisadi zonasını, rəqəmsal iqtisadiyyata keçidi, turizm və əyləncə sektorunu, müxtəlif xidmətlər (İT, maliyyə, səhiyyə və s.) ixracını göstərmək olar. Rəqabətqabiliyyətli və dayanıqlı iqtisadi artım üçün ən vacib şərtlərdən biri də iqtisadiyyatın bütün sahələrində, o cümlədən ixracyönümlü sahələrdə yüksək texnologiyaların və süni intellektin tətbiqi əsasında məhsuldarlığın artırılmasıdır", - nazir deyib.
M.Cabbarov əlavə edib ki, aşağı gəlirlərə aşağı vergi dərəcələri üç il ərzində yumşaq və mərhələli keçidlə tətbiq olunacaq:
"Prezidentin təşəbbüsü ilə əmək bazarında leqallaşma prosesinin davam etməsi üçün yaradılmış münbit şəraitin qorunması məqsədilə daha aşağı gəlirlərə aşağı vergi yükünün müəyyən edilməsi və bunun mərhələli şəkildə həyata keçirilməsi məqsədəuyğun hesab edilib. Bu çərçivədə qeyri-neft-qaz özəl sektorda əməkhaqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilib".
Mərahim Nəsib