İqtisadiyyat naziri Mikayıl Cabbarovun Çexiyaya səfəri çərçivəsində çexiyalı iş adamları ilə keçirilmiş dəyirmi masada biznes dairələri arasında əməkdaşlığın təşviqi haqqında müzakirələr aparılıb.
Oxu.Az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun Çexiyaya səfəri çərçivəsində Praqada bu ölkənin iş adamlarının iştirakı ilə dəyirmi masa keçirilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan ilə Çexiya arasında münasibətlərin qarşılıqlı etimada və ortaq strateji prioritetlərə əsaslandığını vurğulayıb. Qeyd olunub ki, 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat uzunmüddətli əməkdaşlığın inkişafı baxımından önəm kəsb edir.
Çexiya ilə iqtisadi-ticarət əlaqələri inkişaf edir. 2025-ci ilin yanvar-iyun aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 485 milyon ABŞ dolları təşkil edib.
İnvestisiya sahəsində əməkdaşlıq üçün geniş perspektivlər var. 2011-ci ildə imzalanmış "İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş" birgə layihələr, həmçinin kapital axını üçün möhkəm hüquqi baza yaradır. Çexiyaya məxsus 25 şirkət Azərbaycanda kənd təsərrüfatı, sənaye, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində fəaliyyət göstərir.
Görüşdə Çexiya ilə enerji, nəqliyyat, sənaye, ticarət və digər istiqamətlər üzrə səmərəli əməkdaşlıq potensialı diqqətə çatdırılıb. Azərbaycanın əlverişli biznes və investisiya mühiti, Ələt azad iqtisadi zonası, sənaye parkları və azad edilmiş ərazilərimizdə investorlar üçün yaradılmış imkanlar, nəqliyyat-tranzit potensialı haqqında məlumat verilib, çexiyalı iş adamları fəal əməkdaşlığa dəvət olunub.
Tədbirdə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyinin Avropa İttifaqı və Xarici Ticarət Bölməsinin baş direktoru David Müller ölkəsinin Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini vurğulayıb. Müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq, o cümlədən, ölkələrimizin işgüzar dairələri arasında işbirliyinin gücləndirilməsi üçün geniş imkanlar qeyd olunub. Çex şirkətlərinin ölkəmizlə əməkdaşlıqda maraqlı olduğu bildirilib.
Dəyirmi masada işgüzar münasibətlərin təşviqi haqqında müzakirələr aparılıb.
Tədbirdə Çexiyanın "Chemoprojekt", "Czechoslovak Group", "Mavel", "Omnipol", "Shkoda", "TES VSETIN", "VSL Group Activities" şirkətlərinin fəaliyyəti və istehsal etdiyi məhsullara dair təqdimatlar keçirilib, suallar cavablandırılıb.




Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çex Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkədən olan iş adamları ilə dəyirmi masa formatında görüşüb.
Oxu.Az xəbər verir ki, o, bu barədə "X" hesabında bildirib:
"Çexiya şirkətlərinin təqdimatını izlədik və ikitərəfli biznes əlaqələrinin inkişafını dəyərləndirdik. Ölkələrimizin əlverişli biznes mühitini və enerji, nəqliyyat, sənaye, investisiya, ticarət sahəsində səmərəli əməkdaşlıq potensialını qeyd etdik".
Çex Respublikasına işgüzar səfərimiz çərçivəsində bu ölkədən olan iş adamları ilə dəyirmi masa formatında görüşümüz oldu. Çexiya şirkətlərinin təqdimatını izlədik və ikitərəfli #biznes əlaqələrinin inkişafını dəyərləndirdik. Ölkələrimizin əlverişli biznes mühitini və #enerji,… pic.twitter.com/U41hkr5kHo
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 22, 2025