Prezident İlham Əliyev Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Oxu.Az-ın President.az-a istinadən xəbərinə görə, sərəncamda beynəlxalq ikili diplom proqramlarının tətbiqinin əsas hədəflərinin qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq yeni nəsil mütəxəssislər yetişdirmək, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini müasirləşdirmək, transmilli təhsil modelinin Azərbaycan Respublikasında tətbiqi yolu ilə uğurlu nəticələr əldə etmək olduğu qeyd edilir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2019-23-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq hazırda altı beynəlxalq ikili diplom proqramı icra olunur.
İnkişaf etmiş təhsil sisteminə malik ölkələrlə ikili diplom proqramlarının dəstəklənməsi, xüsusilə, beynəlxalq reytinqlərdə yüksək mövqe tutan xarici ali təhsil müəssisələri ilə ikili diplom proqramlarının sayının artırılması Azərbaycan Respublikasının vətəndaşı olan istedadlı, yüksək intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri ilə seçilən perspektivli gənclərin beynəlxalq təcrübə əldə etmələrinə imkan və ikili diplom proqramları çərçivəsində birgə elmi fəaliyyətin genişlənməsinə zəmin yaradacaq.
Sərəncamla ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq səkkizə çatdırılacaq. Onların icrasının 2030-cu ilədək təmin edilməsi nəzərdə tutulur.
Mövcud və yeni tətbiq ediləcək beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına təmin ediləcək.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə dörd ay müddətinə:
- beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;
- beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;
- beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi üzrə tədbirlər planını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;
- bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə:
- beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimini bu sərəncamda nəzərdə tutulan qaydaya uyğun həyata keçirmək;
- hər növbəti tədris ili üçün beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsinə tələb olunan vəsaitin həcmini Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə razılaşdırmaqla müəyyən etmək;
- bu sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görmək həvalə olunub.