Bakı kimi bir şəhərdə, “Sədərək”, “Binə” kimi bazarların qurulmasının əleyhinəyəm.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Millət vəkili Cavanşir Paşazadə söyləyib.
Millət vəkili “Sədərək”, “Binə” kimi bazarların böyük problem yaratdığını vurğulayıb.
Onun sözlərinə görə, ümumiyyətlə, Bakı kimi bir şəhərdə, “Sədərək”, “Binə” kimi bazarların qurulmasının əleyhinədir.
“Bu qadağa dövlət siyasəti olmalıdır. İstəyir bazar, istəyir başqa yer olsun, iki-üç minə qədər insandan yuxarı insanı bir yerə yığmaq lazım deyil. Hər gün 50 min insan toplaşan bir yerdən nə desən gözləmək olar. Bu bazarlar həm də Azərbaycanın iqtisadiyyatına zərər verir. Şəhərin yarısında tıxac yaradan həmin bazarlardır.
Nə səhər, nə də ki axşam tərəfi Bakıya giriş-çıxış mümkün olmur. Hamısı bu bazarların hesabına. Şıxov tərəfdən şəhər cəmi bir giriş var. Bu bazarlar da elə orda yerləşir. Ora gedən və qayıdan işçilər hərəsi bir maşındadır. Əlli min insan yığılıb həmin yerə. Orada gedən proseslərə nəzarət oluna bilmir. Bizim dövlətimizi gözü götürməyənlər, içimizdə olan düşmənlər belə yerlərdə özlərinə yuva tapırlar. Əlli min insanın içində özlərinə beş min havadar tapırlar”.
Deputat qeyd edir ki, həmin insanlar iyirmi min insana təsir edirlər.
“Digər tərəfdən də, siz baxın, ora tez-tez yanır. Yandıqdan sonra isə həmin yerə müdaxilə mümkün olmur. Bəlkə də həmin bazarlarda narkotik maddələr saxlayırlar. Bunu paylamaq, oradan çıxartmaq lazımdır. Bu insanların beyni pozulub. Söhbətin nə olduğunu anlamayanlar belə onlara qoşulurlar. Yığışıb danışırlar, şəklini çəkib başqa yerlərdə nə qədər tərəfdarları olduqlarını göstərirlər.
Məncə, ilk növbədə ora ləğv olunmalıdır. Kimsə nəyə görə, başqasının hesabına pul qazanmamalıdır. Birdən elə bilərlər ki, mən belə danışmaqala kiminsə bazarının, biznesinin əleyhinəyəm. Ona görə də “Sədərək” və ya “Binə” olmur, lap adı nə olur olsun, söhbət bugün yaşanan vəziyyətdən gedir. Kiminsə biznes maraqlarına toxunar deyin, mən dövlətimin mövqeyini, mənafəeyini arxa plana keçirə bilmərəm. Getsinlər başqa yerdə pul qazansınlar. Boş yerlər çoxdur. Adam sayı az olan çoxlu obyektlər açsınlar. Camaat paylansın”.