Yanacağın qiymətinin artması cəmiyyətdə müəyyən çətinliklər yaradır.
Oxu.Az xəbər verir ki, bunu SalamNews-a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə yanacağın qiymətinin artımı ilə əlaqədar bazar günü etiraz aksiyasının keçiriləcəyi barədə Facebookda yayılan məlumata münasibət bildirərkən deyib.
O söyləyib ki, qiymət artımı ilə əlaqədar hökumət nümayəndələri məlumat veriblər. Hesab edirəm ki, bu məsələ ilə bağlı cəmiyyətin kifayət qədər məlumatı var. Digər məsələlər isə artıq qanunla müəyyənləşir:
“Sonuncu dəfə 2007-ci ildə yanacağın qiyməti 30 faiz artıb. Azərbaycanın büdcəsi ötən altı ildə 7.3 milyarddan 25 milyarda yüksəlib. Altı il əvvəl yanacağın qiyməti artanda orta əmək haqqı 180 manat idi. Bu gün bu məbləğ 425 manatdır. O zaman cəmiyyət dövlətdən narazı idi. Amma göründüyü kimi, yanacağın qiymətinin qalxması digər tərəfdən sahibkarlığın inkişafına stimul verir. Bir tərəfdən itirən cəmiyyət, digər tərəfdən qat-qat çox qazanır.”
Bazarlarda ərzaq məhsullarının qiymətinin artmasına münasibət bildirən deputat vurğulayıb ki, hər il bu istiqamətdə 3-5 faiz inflyasiya olur: “Bazarlarda kəskin sürətdə artım müşahidə edilmir. Bu cür artım xüsusən mövsümlə əlaqədardır. Çünki müəyyən məhsullarda qıtlıq yaranır. Mən özüm bazara tez-tez gedirəm. Məhsulların qiymətində artım müşahidə etməmişəm.”