Bu gün Azərbaycan Milli Məclisinin payız sessiyasının sonuncu iclası keçirilib.
Oxu.Az xəbər verir ki, iclasda “Vergi Məcəlləsi”ndə dəyişikliklə bağlı qanun layihəsi müzakirə olunub.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun Oxu.Az-a bildirdiyinə görə, parlament fiziki şəxslərin banklardakı əmanətləri üzrə faiz gəlirlərindən vergi tutulmasının dayandırılması barədə “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müddətini artırmayıb.
Qeyd edək ki, bundan əvvəl Milli Məclis hər il bu qanunun müddətinin daha 1 il artırılması barədə qərar qəbul edirdi.
Beləliklə, 2015-ci il yanvarın 1-dən etibarən əhalinin banklardakı əmanətləri üzrə illik faiz gəliri 500 manatdan çox olan hissədən vergi tutulacaq. Əhalinin əmanətlərə görə illik gəlirinin 500 manatadək hissəsi gəlir vergisindən azaddır.
“Məsələn, bir əmanətçinin bankda 30 min manat həcmində əmanəti olarsa, həmin şəxs ildə 300 manat gəlir vergisi ödəməli olacaq. Əgər əmanətçi gəlir vergisindən azad olmaq istəyirsə, o zaman bu məbləği altı bankda illik gəliri 500 manatdan çox olmamaq şərti ilə yerləşdirə bilər”, - bundan əvvəl məsələni şərh edən vergilər nazirinin birinci müavini Natiq Əmirov bildirmişdi.