Dünyanın ən nəhəng audit şirkətlərindən biri olan “PricewaterhouseCoopers” (PwC) şirkətinin Azərbaycandakı nümayəndəliyinin (“PricewaterhouseCoopers Audit Azerbaijan LLC”) rəhbəri, PwC-nin idarəedici partnyoru Mövlan Paşayev APA-ya geniş müsahibə verib.
Oxu.Az xəbər verir ki, müsahibə əsnasında M.Paşayev ölkədəki iqtisadi durumu və onun gələcəyi, indiki vəziyyətdə auditə, xüsusilə dünya çapında tanınan şirkətlərin xidmətlərinə marağın hansı səviyyədə olması, şirkətlərin çağırışlara reaksiyası barədə söz açıb.
Beləliklə, müsahibənin bəzi maraqlı məqamlarını oxucularımızın diqqətinə çatdırırıq:
“Biznes inkişaf etdikcə, cəmiyyətdə inam formalaşdıqca, auditə maraq da artır. Auditin məqsədi cəmiyyətdə şirkətə qarşı inamı artırmaqdır. Müstəqil auditin keçirilməsi ilə şirkət səhmdarlara, dövlət orqanlarına, cəmiyyətə, digər maraqlı tərəflərə nə qədər dayanıqlı olub-olmamasını nümayiş etdirir.
Bu baxımdan Azərbaycanda fəaliyyət göstərən müxtəlif şirkətlərdə vəziyyət fərqlidir. Məsələn, şirkətlərin bəziləri 10 illər ərzində beynəlxalq audit şirkətlərinin xidmətlərinə müraciət edirlər. Bəzən bu şirkətlərdə korporativ idarəetmə, effektiv idarəolunma, maliyyə bazarlarında, dövlət qurumları ilə münasibətlər ən yüksək səviyyədə qurulub.
Beləliklə, şirkət - istər dövlət, istər özəl, özünü yeni inkişaf mərhələsinə hazırlayır. Auditə marağın artması baxımından Maliyyə Nazirliyi, Auditorlar Palatası, Maliyyə Bazarlarına Nəzarət Palatasının rolu vacibdir.
Hazırda biz görürük ki, dövlət qurumları auditin rolunu daha yaxşı dərk etməyə başlayıb.
Son tendensiya onu deməyə əsas verir ki, bizim müştərimiz olan dövlət şirkətlərinin sayı artmaqdadır.
Ümid edirəm ki, bizim həmkarlarımızda da analoji vəziyyət müşahidə olunur. Hazırda bizim müştərilərimiz arasında 7 dövlət orqanı və şirkət var. Dövlət şirkətlərinin sayının onlarla olduğunu nəzərə alsaq, tendensiyanın daha da yaxşılaşacağına inanıram.
Auditorlar Palatası daim auditin keyfiyyətinin artırılması barəsində düşünür və bunun üçün zəruri addımlar atır. Buna baxmayaraq, auditin keyfiyyəti və onun müstəqilliyi günümüzün ağrılı mövzularındadır. Bir şeyi nəzərə alın ki, biz menecmentə deyil, səhmdarlara hesabat veririk. Çünki auditin keçirilməsində əsas məqsəd menecmentin nə qədər effektiv olduğunu üzə çıxarmaqdır.
Bu baxımdan olduqca vacibdir ki, auditin vacibliyini səhmdarlar özü başa düşsün. Keyfiyyətsiz audit vaxt və pul itkisidir. Başqa sözlə, keyfiyyətsiz audit sifariş verməklə səhmdarlar pul və vaxt itirməklə yanaşı, şirkətdəki real mənzərəni görmək imkanını da əldən verir”.
M.Paşayev qeyd edib ki, 2017-ci il sabitlik ili, 2018-ci ildə isə iqtisadi artım ili olacaq:
“Bilirsiniz ki, biz dövlət qurumlarının rəhbərləri ilə daim təmasdayıq və həmin görüşlərdən sonra mən əmin oluram ki, 1 il bundan öncə başlanılan radikal islahatlar öz töhfəsini verəcək, götürülən istiqamət doğrudur”.
Onun sözlərinə görə, son 20 ildə Azərbaycanda maksimum şəffaf olan yeganə sektor məhz maliyyə və sığorta sektorudur:
“Məsələ burasındadır ki, müvafiq dövlət qurumu, tənzimləyici vaxtında bu sektoru şəffaflığa yönəldib. Təbii ki, bəzi məlum hadisələr göstərdi ki, banklar da idealdan uzaqdır. Buna baxmayaraq, əgər digər sektorlarla müqayisə etsək, sözügedən sektor daha şəffafdır”.
U.A.
www.oxu.az