Son 10 ildə Azərbaycanda nəqliyyat infrastrukturuna 20 mlrd. dollar sərmayə qoyulub.
Oxu.Az xəbər verir ki, bunu Bakı Ekspo Mərkəzində XIII Beynəlxalq nəqliyyat, tranzit və logistika (TransCaspian 2014), IV Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat (Road and Traffic 2014) sərgilərinin açılışında çıxış edən nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
Pənahov ayrılan vəsaitin hansı sahələrə yatırılmasından danışıb:
“Bu vəsait dəmir yollarının genişləndirilməsi, yeni yolların salınması və mövcud yolların yenidən qurulması, yeni hava limanlarının tikilməsinə, yeni hava gəmilərinin alınması, bir sözlə, nəqliyyatın bütün sahələrinə yatırılıb”.
Nəqliyyat naziri müavininin sözlərinə görə, son ildə ölkədə 9 mindən artıq avtomobil yolu qurulub və yenidən bərpa olunub.
Musa Pənahov nəqliyyat sektorunda layihələrin həyata keçirilməsində nüfuzlu beynəlxalq şirkətlərin də iştirak etdiyini vurğulayaraq, onların da ölkənin bu sektoruna öz töhfələrini verdiklərini bildirib.
M.Pənahovun sözlərinə görə, artıq Azərbaycan şirkətləri də xaricdə nüfuz qazanıb və digər ölkələrdən də daha fəal şəkildə layihələrdə iştirak edirlər.
Gülnarə Zeynalova
www.oxu.az