Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana səfəri zamanı demokratiya, insan haqları, qanunun aliliyi barədə müzakirələr aparılacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard deyib.
M.Mard bildirib ki, AK prezidentinin səfərinin məqsədi ikitərəfli münasibətləri və mövcud olan gündəliyi daha effektiv şəkildə davam etdirmək, Aİ-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi və dərinləşdirilməsi yollarını müzakirə etməkdir:
“Ümid edirəm ki, Azərbaycanla yeni hüquqi baza üçün müəyyən razılaşmalar imzalanacaq. Borrozo həm də Ukrayna, Gürcüstan və Moldova ilə imzalanacaq sazişin vacibliyini Azərbaycana səfəri zamanı vurğulayacaq. Siyasi münasibətlərimizin daha da möhkəmləndirilməsi üçün Aİ ilə Azərbaycan arasında bir saziş imzalanması nəzərdə tutulub. Barrozonun səfəri zamanı bu saziş də müzakirə olunacaq. Ümid edirik ki, gələn ay bu müzakirələr yekunlaşacaq”.
M.Mard qeyd edib ki, Azərbaycan Aİ ilə münasibətlərini daha da möhkəmləndirmək istəyir:
“Bu gün Azərbaycanla daha yaxın münasibətlərimiz var, ticarət sahəsində əməkdaşlığımız inkişaf edib, ona görə də bizim yeni hüquqi bazanın yaradılmasına ehtiyacımız var”.
Xatırladaq ki, AK prezidenti Joze Manuel Barrozo sabah Azərbaycana gələcək.