Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Namiq Həsənov: Bakıya 2000-dək London taksisi gətiriləcək
Oxu.Az Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun ANS PRESS-ə müsahibəsini təqdim edir:
- Namiq müəllim, deyirdiniz ki, 2014-cü ildən Bakıda sərnişin avtobuslarında vahid kart sisteminə keçiləcək. Artıq 2014-cü ildir, lakin hələlik kart sisteminə keçməklə bağlı heç bir məlumat yoxdur.
- İşlər sürətlənib. 2014-cü ilin yanvar ayından işləri sürətləndirmişik. Bakıda minə yaxın avtobusda artıq avadanlıqlar quraşdırılıb. Hazırda sistemlə əlaqələr yoxlanılır. Birinci mərhələdə artıq kart sisteminin tətbiqinə başlanacaq. Proqram 2014-cü ilin son aylarına qədər davam edəcək. Dəqiq vaxt demək bir az düz deyil, amma gözlənilir ki, yanvar ayının sonları, fevral ayının əvvəllərindən artıq kart sistemi işə düşsün.
- Kartları hardan almaq olar?
- Sistem tam hazır olandan sonra xüsusi satış və ödəmə məntəqələri olacaq. Belə məntəqələr bir çox yerlərdə təşkil olunacaq. Sistem işləyəndə artıq bu barədə ətraflı məlumat veriləcək.
- O zaman kartı olmayan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməyəcək?
- İlk vaxtlar kartla bərabər nağd ödənişlər də mümkün olacaq. Çünki ilk növbədə ödəmələr paralel həyata keçiriləcək. Kimdə ödəniş kartı olmasa sürücüdə ehtiyat ödəniş kartı olacaq. Sürücü nağd pulu alıb, həmin kartla validatora sərnişinin yerinə ödəniş edəcək. Bu kartlar yalnız avtobuslarda istifadə olunmayacaq. Bu kart vasitəsilə ictimai iaşə müəssisələrində, metroda və taksidə istifadə olunacaq.
- Axı Bakı Metropoliten rəhbərliyi vahid kart sisteminə keçməyi mümkünsüz sayırdı. Metronun bu sistemə qoşulmayacağı bildirilirdi.
- Bu metro kartından da üstün bir kartdır. Biz vahid kart sisteminə keçməklə bağlı metropolitenə müraciət etmişik. Onlar hələ bizə “yox” cavabını verməyiblər.
- Bəs razılıq veriblərmi?
- Hələlik heç nə deməyiblər. Biz cavab gözləyirik. Yəni metropoliten rəhbərliyi ilə müzakirələr aparılıb. Bu məsələyə mənfi münasibət bildirilməyib.
- Bəs kartlar hansı bankın məhsulu olacaq?
- Yəqin ki “Bank of Azerbaijan” bankının məhsulu olacaq.
- Bu sistemə keçəndən sonra yəqin ki sürücülər gündəlik plandan azad olunacaqlar?
- Sistem özü tənzimlənəcək. Yəqin ki, sahibkarla sürücü aralarında bağladıqları əmək müqavilələrinə yenidən baxacaqlar. Çox güman ki, sürücü maaş sisteminə keçəcək.
- Maaşı Nəqliyyat Nazirliyi müəyyən edəcək, yoxsa sahibkar?
- Bu məsələ də əmək müqaviləsilə tənzimlənəcək. Bu məsələni də sahibkar müəyyən edəcək. Nazirlik yalnız bu sistemə nəzarət edir.
- Deyirdilər ki, Bakıya yenidən London taksiləri gətiriləcək. İndi vəziyyət nə yerdədir?
- 2015-ci ilin Avropa oyunlarına qədər paytaxta 2000-ə qədər London taksisi gətiriləcək.
- Bakıya yeni avtobusların gətirilməsi məsələsi nə yerdədir?
- Bu il və 2015-ci ilin birinci rübünə qədər 1200-ə yaxın sərnişin avtobusları gətiriləcək. Onların arasında həm iri, həm də orta tutumlu avtobuslar olacaq. Mövcud sərnişin xətlərindəki köhnə avtobuslar yenilənəcək, həm də qarşıdan gələn olimpiya oyunlarında qonaqların şəhərdə sərbəstliyini təmin etmək üçün həmin avtobuslardan istifadə ediləcək.
- Benzinin qiymətində artım olandan sonra istər paytaxt ərazisində, istərsə də şəhərlərarası avtobusların gedişhaqlarında süni qiymət artımı müşahidə olunur. Bununla bağlı nə deyə bilərsiz?
- Bununla bağlı bizə də müraciətlər daxil olur. Nəqliyyat Nazirliyi çoxsaylı müraciətlərlə bağlı bu qanunsuzluqların qarşısının alınması istiqamətində reydlərə başlayıb. Hansı avtobusda qiymət artımı ilə bağlı müraciət daxil olsa, dərhal bunun tədbiri görülür. Sahibkarlara da xəbərdarlıq edilib. Süni qiymət artımı aşkar olunarsa, həmin xəttin sahibkarı çox sərt şəkildə cəzalandırılacaq.
- Sərnişin avtobuslarında qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edilməyib. Hələlik biz tərəfindən müraciət də gözlənilmir.
- Sahibkarlar necə, Nəqliyyat Nazirliyinə qiymət artımı ilə bağlı müraciət edirlərmi?
- Sahibkarlar tərəfindən bizə mütəmadi olaraq müraciətlər daxil olur. Hələlik lüzum görülmədiyi üçün bizim tərəfdən müraciət edilməyib.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda maskalı şəxs lombarda silahlı basqın edib - ANBAAN GÖRÜNTÜLƏR
- "Bakıda üç gündür aşan yol nişanı təmir edilmir" - Şikayət
- Bakıda biri uşaq olmaqla üç nəfər yanaraq öldü: YENİ DETALLAR
- Bakının iki rayonunda keçirilən əməliyyat zamanı 22 qumbara aşkarlandı
- Bakı küçələrindən rəngarəng reportaj: Novruz hazırlıqları necə gedir?