Azərbaycan bu gün enerji təhlükəsizliyini tam təmin edir, edəcək.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanın Energetika naziri Natiq Əliyev bu gün jurnalistlər üçün təşkil edilən brifinqdə deyib.
“Azərbaycanın heç kəsə ehtiyacı yoxdur. Biz artıq qaz ixrac edən ölkəyik. Enerji daşıyıcıları ehtiyaclarımızı tam təmin edir”, - deyə nazir deyib.
Nazir bu yaxınlarda Azərbaycanın Tehranda keçirilən Qaz İxrac Edən Ölkələrin Formunda iştirakından da danışıb:
“Biz əvvəllər, yəni 2008-ci ildə bu Forumda iştiraka soyuq yanaşırdıq. Həmin dövrlər şayiələr yayılırdı ki, orda qəbul edilən qərarlar üzv ölkələr üçün məcburi sayılacaq. Bundan başqa, həmin dövrlər deyilirdi ki, Forum özünü Neft İxrac Edən Ölkələrin Birliyinə (OPEK) oxşatmaq niyyətindədir. Bununla əlaqədar biz əvvəllər foruma dəvət alsaq da, orda iştirak etmirdik”.
“Bu gün OPEK-in dünya bazarında neftin qiymətlərinə təsiri çox böyükdür, amma Forumun hazırkı fəaliyyəti bu statusda deyil. Gələcəkdə ola bilər ki, Forumda qəbul edilən qərarlar mühüm əhəmiyyətə malik ola biləcək”, - deyə nazir əlavə edib.
Nazir deyib ki, biz təşkilata üzv olmağa tələsmirik:
“Azərbaycan prezidenti İlham Əliyev və mən belə hesab edirik ki, əgər bu gün belə bir təşkilat yaranıbsa biz orda iştirakdan kənarda qala bilmərik. Biz hələ ki müşahidəçi qismində iştirak edirik, üzv olmağa tələsmirik”.
“Forumda qəbul edilən qərarlar tövsiyə xarakteri daşıyır. Ona görə də təşkilata üzvlüyə hələ ki ehtiyac yoxdur”, - deyə N.Əliyev əlavə edib.
Ülviyyə R. Əli
www.oxu.az