Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov sentyabrın 11-də Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) Baş katibi Vookong Umun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, görüşdə AİB-nin Rəhbərlər Şurasının 2015-ci ilin 2-5 may tarixlərində Bakı şəhərində keçiriləcək 48-ci İllik Toplantısına hazırlığın gedişi müzakirə olunub.
Samir Şərifov dövlət başçısının sərəncamı ilə AİB-nın Rəhbərlər Şurasının 2015-ci il may ayında Bakı şəhərində keçiriləcək İllik Toplantısı ilə bağlı Təşkilat Komitəsinin yaradıldığını xatırladaraq, hazırlıq prosesinin yüksək səviyyədə, plana uyğun getdiyini və hər hansı gecikmələrin olmayacağını bildirib. Azərbaycanın ev sahibi kimi üzərinə düşən bütün vəzifələri yerinə yetirəcəyini vurğulayan nazir qeyd etmişdir ki, prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə qeydə alınan sürətli sosial-iqtisadi inkişaf, ölkənin bu sahədəki təcrübəsi, Bakı şəhərində yaradılmış yüksək standartlara uyğun infrastruktur, tranzit və loqistika sahəsində ölkəmizin əlverişli imkanlarının olması, paytaxtdakı mövcud olan otellərin sayı və tutumu, o cümlədən yüksək təhlükəsizlik və sabitlik bu cür əhəmiyyətli tədbirləri keçirməyə tam imkan verir.
Azərbaycanın ev sahibi ölkə kimi İllik Toplantıya hazırlığını yüksək qiymətləndirən AİB-nin Baş katibi ölkəmizin uğurlu iqtisadi inkişafını qeyd etmiş və Bankın Rəhbərlər Şurasının Bakıda keçiriləcək 48-cı İllik toplantısının uğurlu olacağına əminliyini ifadə etmişdir. Qeyd olunmuşdur ki, İllik Toplantıda üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertlər olmaqla 4 mindən çox qonağın iştirakı gözlənilir.
Görüşdə həmçinin, İllik Toplantı ilə bağlı ev sahibi ölkənin öhdəlikləri, texniki tapşırıqlar, həmçinin AİB-nın prezidenti Takehiko Nakaonun noyabr ayında Azərbaycana gözlənilən səfəri barədə fikir mübadiləsi də aparılıb.
AİB nümayəndə heyətinin bir həftə davam edəcək səfəri zamanı Təşkilat Komitəsinə daxil olan qurumların nümayəndələri ilə bir sıra görüşlər keçiriləcək və İllik Toplantıya hazırlıqla bağlı məsələlər müzakirə olunacaq.
1966-cı ildə yaradılan AİB-nın baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-na 22 dekabr 1999-cu ildə üzv qəbul olunub.