"Azərbaycan İslam İnkişaf Bankı (IsDB) ilə tərəfdaşlığın gücləndirilməsində maraqlıdır".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci illik toplantıları çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib.
"Bakının 2010-cu ildən sonra Qrupun illik toplantılarına ikinci dəfə ev sahibliyi etməsi bizim üçün böyük qürur mənbəyidir. Tədbir Prezident cənab İlham Əliyevin yüksək himayəsi altında təşkil olunub. İnanırıq ki, "Davamlı tərəqqi naminə regional inteqrasiya" mövzusu altında keçirilən bu toplantılar məhsuldar müzakirələr və gələcəyə yönəlmiş təşəbbüslərlə yadda qalacaq.
Fürsətdən istifadə edərək, Qrupun Prezidenti Məhəmməd Süleyman Əl-Casirə və bütün komandasına illik toplantıların, Özəl Sektor Forumunun, eləcə də digər mühüm tədbir və sessiyaların yüksək səviyyədə təşkilinə görə səmimi təşəkkürümü bildirirəm. Bu uğur sizin fədakar əməyinizin, peşəkarlığınızın və tərəfdaşlığa sadiqliyinizin nəticəsidir.
Eyni zamanda, Məhəmməd Süleyman Əl-Casiri bu vəzifəyə yenidən seçilməsi münasibətilə bir daha təbrik edir, onun Bankın fəaliyyətinin gücləndirilməsinə, eləcə də Azərbaycan da daxil olmaqla üzv ölkələrə xidmət istiqamətində göstərdiyi dəyərli töhfələri yüksək qiymətləndirdiyimizi vurğulamaq istəyirəm", - deyə nazir qeyd edib.