"İqtisadi artımın və şəffaflaşmanın davam etməsi şəraitində cari ilin 9 ayında vergi daxilolmaları üzrə proqnoz tapşırığı 105.2% icra edilməklə proqnozdan əlavə dövlət büdcəsinə 614.2 mln. manat vəsait daxil olub".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, qeyri-neft-qaz sektoru üzrə proqnoz tapşırığı 103.0% icra olunub, proqnozdan əlavə sektordan dövlət büdcəsinə 265.7 mln. manatdan çox vəsait daxil olub:
"Cari ilin 9 ayında qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları 10.0%-dən çox artıb, özəl bölmənin qeyri-neft-qaz vergi daxilolmalarında payı 77.0%-i ötüb. Vergi daxilolmaları ilə yanaşı, sosial sığorta yığımları üzrə də yüksək artım dinamikası müşahidə olunur. Cari ilin 9 ayında təkcə məcburi dövlət sosial sığortası üzrə daxilolmaların proqnozu 107.6%- icra edilərək 4.7 mlrd. manat vəsait daxil olub, daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12.0% artıb".
"Sənaye zonaları üzrə ümumi investisiya həcmi 8 milyard manatdan çox olan 171 sahibkarlıq subyektinə rezident və qeyri-rezident statusu verilib.
Cari ilin 9 ayında sənaye zonalarının ölkə üzrə qeyri-neft-qaz sənayesi istehsalında xüsusi çəkisi 19.2%, ixracında isə payı 29.4% təşkil edib. Ötən 9 ay ərzində sənaye zonalarında 2.9 milyard manatlıq satış həyata keçirilib, bunun da 938 milyonluq hissəsi və ya üçdə biri ixracın payına düşür", - deyə nazir diqqətə çatdırıb.
Mikayıl Cabbarov əlavə edib ki, Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin təxminən yarısı kənd təsərrüfatı məhsullarının istehsalı sektoruna, digər yarısı isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib:
"Bunun da 76.0%-i regionların payına düşüb. Fondun vəsaiti hesabına banklar vasitəsi ilə 2025-ci ilin yanvar-sentyabr ayları ərzində sahibkarların ümumi dəyəri 564 mln. manat olan 4590 investisiya layihəsinə 250 mln. manat güzəştli kredit verilib".
Mərahim Nəsib