Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Nazir müavini: "Ağdam Sənaye Parkında istehsal olunan məhsullar xaricə də ixrac edilir"
"İqtisadiyyatımızın diversifikasiyası baxımından əhəmiyyət kəsb edən Ələt Azad İqtisadi Zonası mərhələli şəkildə investorların istifadəsinə verilir. Ələt Azad İqtisadi Zonasında mövcud əlverişli şərait, təklif olunan güzəştlər bura olan marağı artırır".
Oxu.Az-ın məlumatına görə, bu fikirləri "Sahibkarlar günü"nə və 2025-ci ilin Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə əlaqədar "Konstitusiya və Suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.
O bildirib ki, bu gün rəqəmsal iqtisadiyyat ölkəmizdə əsas iqtisadi istiqamətlərdəndir:
"Gələcəyin trendlərinə uyğun biznes strategiyaları qurulmalı, insan resursları daha da inkişaf etdirilməlidir. Müasir texnologiyalardan istifadə, məhsul və xidmətlərdə yenilikçi yanaşmaların tətbiqi mühümdür. Bu kontekstdə gənc sahibkarların təşəbbüsləri dəstəklənir, startap ekosisteminin gücləndirilməsinə, eləcə də yaşıl layihələrə xüsusi diqqət yetirilir".
"Özəl sektor nümayəndələri həmişə irəliyə baxmalı, bizneslərini böyütmək naminə təşəbbüslərini artırmalıdırlar. Biznes nümayəndələrinin kreativ və yenilikçi təşəbbüsləri həm bizneslərini genişləndirər, həm də iqtisadi artıma daha çox töhfə verər. Məsələn, azad olunmuş ərazilərimizdə bu təşəbbüslərin çox uğurlu nümunələri var. İş adamları biznes fəaliyyəti üçün yaradılmış imkanlardan yararlanırlar. Bir neçə ildir yaradılmasına baxmayaraq, Ağdam Sənaye Parkı rezident sayına görə artıq ölkədə sənaye parkları arasında ikincidir. Burada istehsal olunan məhsullar yerli bazara çıxarılmaqla yanaşı, xaricə də ixrac olunur.
Vacib nəqliyyat qovşaqlarının üzərində yerləşən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı da sahibkarlara yeni fürsətlər təqdim edir. Sizləri bu ərazilərdəki fürsətləri lazımınca dəyərləndirməyə, daha fəal təşəbbüslərlə çıxış etməyə dəvət edirik", - deyə nazir müavini bildirib.
Məhərrəm Əliyev