"Azərbaycanın təhsil sisteminin beynəlxalq meyarlarla müqayisə olunması və mövcud vəziyyətin real göstəricilər əsasında qiymətləndirilməsi beynəlxalq tədqiqatlarda iştirakın əsas hədəflərindəndir".
Oxu.Az xəbər verir ki, bu fikirləri PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü zamanı Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev deyib.
O bildirib ki, Azərbaycanın beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak etməkdə məqsədi ölkənin təhsil sisteminin vəziyyətini beynəlxalq meyar və standartlarla müqayisə etməkdir:
"Bundan əlavə, təhsil siyasətinin düzgün və effektiv aparılması istiqamətində beynəlxalq qiymətləndirmə tədqiqatlarından istifadə etmək, ölkənin təhsil göstəricilərinin dövri olaraq inkişafını izləmək, ölkədə tədrisin keyfiyyətinin yaxşılaşdırılması, eləcə də təhsil istiqamətində beynəlxalq əməkdaşlıq və müsbət təcrübənin öyrənilməsi əsas məqsədlərdəndir.
Azərbaycanda müxtəlif yaş və təhsil mərhələlərində milli və beynəlxalq qiymətləndirmələr tətbiq olunur. 5 yaşlı uşaqlar IELS, 4-cü sinif şagirdləri TIMSS və PIRLS, 6-cı sinif şagirdləri milli monitorinq, 8-ci sinif şagirdləri ICILS, 9-cu sinif şagirdləri isə PISA və buraxılış imtahanı çərçivəsində qiymətləndirilirlər. Nəhayət, 11-ci sinifdə isə buraxılış imtahanı keçirilir".