"Məktəblərdə şagirdlərin hansı bilik və bacarıqlara daha çox diqqət ayırması onların qiymətləndirildiyi meyarlardan birbaşa asılıdır. Azərbaycanda da bu istiqamətdə yanaşmaların dəyişdirilməsi və bacarıq əsaslı qiymətləndirməyə keçid istiqamətində işlər görülür".
Oxu.Az xəbər verir ki, bu fikirləri Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, nəyi ölçürsənsə, sistemlər də ona yönəlir və bu baxımdan universitetlərə qəbul və buraxılış imtahanlarının nəyə fokuslanması məktəblərdə müəllim və şagirdlərin diqqətinə də təsir edir:
"Elm və Təhsil Nazirliyinin tapşırığı ilə artıq neçə ildir ki, dördüncü siniflərdə bacarıq əsaslı qiymətləndirməyə başlanılıb. Oxu və riyazi bacarıqların qiymətləndirilməsi istiqamətində monitorinqlər keçirilir. İbtidai təhsildə bu yanaşmaları artıq bir neçə ildir tətbiq edirik.
Düşünürük ki, hazırda həmin ibtidai siniflərdə oxuyan uşaqlar hələ 15 yaşına çatmayıblar. Ümid edirik ki, təxminən 2029-cu ildə həmin yaşa çatacaqlar və PISA-da bacarıq əsaslı qiymətləndirmə üzrə onların nəticələrinin əvvəlki dövrdəki uşaqlardan nə qədər fərqli olduğunu görəcəyik.
Eyni zamanda, Dövlət İmtahan Mərkəzinin (DİM) adından danışmaq üçün mənim belə bir mandatım yoxdur. Amma bizim işgüzar əməkdaşlıq münasibətlərindən aldığımız hiss budur ki, DİM də son dövrlərdə PISA tipli və bacarıq əsaslı tapşırıqlar istiqamətində fəaliyyətlərə başlayıb. Düşünürük ki, gələcəkdə həmin imtahanlarda da bu dəyişiklikləri görmək imkanımız olacaq".