"Bu ilin 6 ayı ərzində 2024-cü ilin eyni dövrü ilə müqayisədə ölkəyə yatırılmış birbaşa xarici investisiyaların həcmi 8.2% yüksəlib, qeyri-neft-qaz sektoru üzrə isə 25.4% artım qeydə alınıb".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, ötən doqquz ayda (2025-ci ilin yanvar-sentyabr aylarında-red.) əsas kapitala 13 milyard manat vəsait yönəldilib:
"Qeyri-neft-qaz sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların real həcmi 7% artıb. Eyni zamanda özəl qeyri-neft-qaz investisiyalar 10.8% artaraq qeyri-neft-qaz ÜDM-in artım tempini 3.7 dəfə üstələyib".
Mərahim Nəsib