"Makroiqtisadi sabitlik Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının əsas göstəricilərindəndir".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu əlverişli şərait ölkədə maliyyə nizam-intizamının qorunmasına, inflyasiyanın idarə olunmasına, investisiya mühitinin yaxşılaşmasına və qeyri-neft sektorunun genişlənməsinə imkan yaradır:
"Eyni zamanda, iqtisadi artımın sosial rifahla uzlaşdırılmasını və uzunmüddətli inkişaf strategiyalarının həyata keçirilməsini stimullaşdırır.
2025-ci ilin gözlənilən artım tempi nəzərə alınmaqla, 2022-2025-ci illərdə qeyri-neft-qaz sektorunda ÜDM-in gözlənilən ortaillik artımı Strategiya ilə müəyyən olunmuş hədəfdən yüksəkdir. Belə ki, 2022-2025-ci illər üzrə qeyri-neft-qaz ÜDM-in ortaillik artımının 6.1% olması gözlənilir. Ölkədə ÜDM-in artımının tamamilə qeyri-neft-qaz sektorunun hesabına formalaşması iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun gücləndirilməsi istiqamətində mühüm nailiyyətdir. Bu tendensiya iqtisadi sabitliyin daha da möhkəmlənməsinə və uzunmüddətli dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. Hazırda ölkədə iqtisadiyyatın şaxələnməsinə yönəlmiş fəaliyyət davam edir və bu fəaliyyətin iqtisadi artıma təsiri müəyyən müddətdən sonra hiss olunacaq".
Mərahim Nəsib