Dünya bazarında neftin qiymətinin kəskin şəkildə, 3-4 dəfə aşağı düşməsi hər nə qədər iqtisadi səbəblərlə yəni, ABŞ-ın neftə olan tələbatını tam öz hesabına ödəməsi, bu ölkənin Federal Rezerv Sisteminin hər ay dünya birjalarına buraxdığı vəsaiti azaltması, Avropa ölkələrinin iqtisadi tənəzzüldən çıxa bilməməsi, Çində iqtisadi artım tempinin zəifləməsi, OPEK ölkələrinin neft hasilatını artırması və hasilatı azalda bilməməsi, böyük neft-qaz potensialına malik İranın dünya bazarına yenidən daxil olması və s. bu kimi reallıqlarla əsaslandırılsa da, başlıca səbəblərin böyük güclər arasındakı siyasi ziddiyyətlərdən qaynaqlandığı əsla şübhə doğurmur.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev “Respublika qəzeti”ndə dərc edilən “Azərbaycan yeni vəziyyəti yeni imkanlara çevirir” adlı məqaləsində qeyd edib.
“Bütün bunların milli iqtisadiyyatında neft həlledici rol oynayan Azərbaycan kimi ölkələrin sosial-iqtisadi həyatına mənfi təsirləri isə bu proseslərin ən çox təəssüf doğuran məqamıdır.
Dünya bazarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi, neft gəlirlərinin əhəmiyyətli şəkildə azalması, heç şübhəsiz ki, ölkəmizin inkişaf dinamikasında da özünü göstərir.
Bu təsir xarici valyutalar qarşısında Azərbaycan manatının məzənnəsinin aşağı düşməsi ilə nəticələnsə də, dayanıqlı inkişaf modeli mürəkkəb qlobal situasiyada da ölkəmizin müxtəlif sahələr üzrə inkişafını, enerji dövləti kimi öz həlledici mövqeyini qoruyub saxlamasını təmin edib”, - deyə nazir qeyd edib.
Natiq Əliyev həmçinin məqalədə qeyd edib ki, Azərbaycan qlobal miqyasda özünü göstərən böhranlı vəziyyəti ölkəmizin gələcəyi üçün yeni bir imkana çevirmək əzmindədir:
“Dövlət rəhbərinin qarşıya qoyduğu konkret vəzifələrin təhlili onu söyləməyə əsas verir ki, Azərbaycan yeni situasiyada da bütün strateji planlarını yerinə yetirərək sosial-iqtisadi inkişaf proseslərini davam etdirmək üçün əsaslandırılmış, aydın proqramlara malikdir və qlobal miqyasda özünü göstərən böhranlı vəziyyəti ölkəmizin gələcəyi üçün yeni bir imkana çevirmək əzmindədir”.
Ülviyyə R. Əli
www.oxu.az