2013-cü ilin 6 ayı ərzində nəqliyyat-yol kompleksi üzrə əsas iqtisadi göstəricilər yerinə yetirilib, əhalinin və ölkə iqtisadiyyatının daşımalara olan tələbatı ödənilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı nəqliyyat naziri Ziya Məmmədov bildirib.
Nəqliyyat nazirinin sözlərinə görə, 2012-ci ilin eyni dövrü ilə müqayisədə yük daşımaları 1,8% artaraq 105,2 milyon ton və sərnişin daşımaları 5,7% artaraq 804 milyon nəfər təşkil edib. Bu dövr ərzində nəqliyyat-yol kompleksinə yönəldilmiş investisiyaların həcmi 923 milyon manat təşkil edib.
Paralel olaraq, dəmir yolu nəqliyyatında aparılan yenidənqurma işləri davam etdirilib:
“Hazırda, Şərq-Qərb istiqamətində yol təsərrüfatının yenidən qurulması, enerji və rabitə sisteminin tam dəyişdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi idarəetmə sisteminin yaradılması işləri həyata keçirilir. Cari ilin 6 ayı ərzində dəmir yolunun 82 kilometrik hissəsi yenidən qurulub”.
Nazir qeyd edib ki, avtomobil nəqliyyatı sahəsində daşımaların tənzimlənməsi, avtonəqliyyat vasitələri parkının yeniləşdirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi üzrə tədbirlər davam etdirilib. 6 ay ərzində paytaxta 340 yeni sərnişin avtobusları gətirilərək istismara verilib.
“Gəncə, Daşkəsən və Horadiz avtovağzallarının tikintisi davam etdirilib. İctimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiq edilməsi məqsədi ilə bu ayın sonuna qədər 1000 ədəd avtobusda xüsusi avadanlıqların quraşdırılması başa çatdırılacaq və sentyabr ayından bu sistemə keçidə başlanılacaq”, - deyə, o vurğulayıb.