"Sənaye zonalarının qeyri-neft-qaz sənayesi ixracında payı 23 faizdən çoxdur".
Oxu.Az xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin bugünkü iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, qeyri-neft-qaz sektorunda struktur dəyişikliyi baş verir:
"Qeyri-neft-qaz sənayesi, nəqliyyat-logistika və rəqəmsal xidmətlər sektorları artımın aparıcı sahələrinə çevrilir. Təkcə bir fakt qeyd oluna bilər ki, cari ilin 9 ayında sənaye zonalarının ölkənin qeyri-neft-qaz sənaye istehsalında payı 19 faizdən, ixracda payı isə 23 faizdən çoxdur. İqtisadiyyatın neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır. Büdcənin qeyri-neft-qaz gəlirlərinin 63 faizdən çoxu qeyri-neft-qaz sektorundan daxil olan vergilər hesabına formalaşır. Mühüm struktur dəyişikliklərindən biri də iqtisadiyyatın şəffaflaşmasıdır. Cari ilin 10 ayında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13 faizdən çox artıb ki, bu da qeyri-neft-qaz ümumdaxili məhsulun (ÜDM) nominal artım tempini üstələyir".