Nazirlik aprelin 13-dən başlayaraq respublikanın bir sıra rayonlarında, o cümlədən Bakı şəhərində fəaliyyət göstərən baytarlıq apteklərində monitorinqlərə başlayıb.
Bu barədə Oxu.Az-a Nazirlikdən məlumat verilib.
Nazirliyin məlumatına görə, monitorinq başlayandan bu günə kimi, yəni aprelin 15-nə kimi Dövlət Xidməti əməkdaşlarının iştirakı ilə aparılan tədbir zamanı Ağcabədi rayonunda 13, Kürdəmir rayonunda 4, Bakı şəhərində isə 6 lisenziyasız fəaliyyət göstərən baytarlıq aptek aşkar edilib.
Monitorinqin keçrilməsində əsas məqsəd xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən baytarlıq apteklərinin fəaliyyətini müvəqqəti dayandırmaq, apteklərdə qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatlarının, yem və yem əlavələrinin satışının qarşısının alınmasıdır.
“Eləcə də bir sıra baytarlıq apteklərində qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatları, yem və yem əlavələrinin satışının aparıldığı müəyyən edilib. Lisenziyasız fəaliyyət göstərən baytarlıq apteklərinin fəaliyyəti müvəqqəti dayandırılıb. Qeyri-qanunu satışı aparılan dərman preparatları qanunvericiliyə uyğun olaraq akt əsasında zərərsizləşdirmək məqsədi ilə müsadirə olunub”-deyə, nazirliyin məlumatında deyilir.
Nazirlik qeyd edir ki, monitorinqlərin mütəmadi aparılması nəzərdə tutulur.
Xatırladaq ki, tədbir KTN yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin 10 aprel 2015-ci il tarixli 37-EZ saylı əmrinə uyğun həyata keçirilir.