I Avropa Oyunları ilə bağlı POS-terminalların quraşdırılması və onlardan istifadə olunması Vergilər Nazirliyi tərəfindən ciddi nəzarətə götürülüb.
Bu barədə Oxu.Az-a Vergilər Nazirliyindən bildirilib.
Vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov bildirib ki, birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar diqqət mərkəzində olan ən mühüm məsələlərdən biri də nağdsız əməliyyatların həcminin artırılması üçün bütün obyektlərdə, xüsusilə ticarət, xidmət və iaşə obyektlərində POS-terminalların quraşdırılması və istifadə edilməsidir.
Nazirlik məsələ ilə bağlı xüsusi qərargah yaradıb:
“Vergilər Nazirliyi tərəfindən yaradılmış qərargaha vergi ödəyicilərinə məxsus təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması, istifadəsi, işlək vəziyyətdə olması, ondan istifadə qaydalarının mənimsənilməsinin nəzarətdə saxlanılması, əhali ilə hesablaşmalar sahəsində qanunvericiliyə əməl olunması işlərini diqqətdə saxlamaq həvalə edilib. Bunun üçün vergi əməkdaşları təhkim edilib və müvafiq işlərin yerinə yetirilməsi istiqamətində operativ tədbirlərin həyata keçirilməsinə başlanılıb”.
Nazirlik bildirir ki, may ayından bütün respublikada, xüsusilə Bakı və Mingəçevir şəhərində yerləşən 30287 obyekt üzrə POS-terminalların işlək vəziyyətdə olması yoxlanılıb, onlardan 1632-nin nasaz olduğu müəyyən edilib və 1430-u təmir olunaraq obyektlərə qaytarılıb.
“Vergilər Nazirliyi tərəfindən POS-terminallardan istifadənin üstünlükləri və istifadə qaydası barədə həm əhali, həm də vergi ödəyiciləri arasında mütəmadi məlumatlandırma işləri aparılır. Nazirliyin hazırladığı “POS-terminalların tətbiqi ilə əlaqədar vergi ödəyicilərinin məlumatlandırılması zamanı görülməli işlərə dair tövsiyələr” vergi ödəyicilərinə obyektlərdə quraşdırılmış POS-terminallardan istifadə vərdişlərinin aşılanması, eləcə də nağdsız ödənişlərin əlverişliliyi və üstünlükləri barədə geniş izahat və təbliğat işlərinin həyata keçirilməsi üçün nəzərdə tutulub.
Bundan əlavə, əhalinin məlumatlandırılması məqsədilə sahibkarlıq obyektlərinin görünən yerlərində stiker formasında təbliğat-təşviqat lövhələri quraşdırılıb” - deyə, nazirlik vurğulayır.
Məlumat üçün bildirək ki, banklar tərəfindən verilmiş sifarişlər üzrə təkcə keçən ildən bəri ölkəmizə 75 min ədəd POS-terminal gətirilib və onların bir hissəsi “kart vasitəsilə birbaşa təmas olmadan” istifadəni nəzərdə tutan xüsusi qurğulardır ki, bunlar inkişaf etmiş ölkələrdə son illərdə tətbiq edilməkdədir. İlin əvvəlindən indiyədək respublikada POS-terminalların sayı 81,7 mindən 86 minə çatdırılıb.
Fəaliyyətini dayandırmış iki minə yaxın obyekt üzrə POS-terminallar qeydiyyatdan çıxarılıb. İndiyədək quraşdırılmış POS-terminalların 62,4%-i Bakı şəhərinin, 37,6%-i isə regionların payına düşür.
Ülviyyə R. Əli
www.oxu.az