"Həyata keçirilən fiskal siyasət çərçivəsində Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin həcminin mərhələli şəkildə azaldılması hədəflənir".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Neft Fondundan bildirilib.
Qeyd olunub ki, bu da dövlət büdcəsinin neft gəlirlərindən asılılığının və qeyri-neft baza kəsirinin azaldılmasına, dövlət büdcəsinin maliyyələşdirilməsində qeyri-neft gəlirlərinin rolunun artırılmasına, fiskal dayanıqlığın gücləndirilməsinə, həmçinin neft-qaz gəlirlərinin dəyişkənliyindən irəli gələn fiskal risklərin məhdudlaşdırılmasına xidmət edir.
"Dövlət büdcəsinə transfertlərin azaldılması nəticəsində fondda toplanan əlavə vəsaitlər ümumi investisiya strategiyasına uyğun şəkildə idarə olunacaqdır. Belə ki, həmin vəsaitlərin yerləşdirilməsi zamanı Fondun investisiya siyasətində müəyyən edilmiş aktiv bölgüsü, risklərin idarə olunması prinsipləri və uzunmüddətli gəlirlilik hədəfləri əsas götürüləcək", - deyə fonddan bildirilib.
Qeyd edək ki, 2027-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 900 milyon manat vəsait köçürülməsi nəzərdə tutulur. 2026-cı ilin təsdiqlənmiş büdcəsində Dövlət Neft Fondundan transfertlərin yuxarı həddi 12 milyard 835 milyon manat müəyyən edilib.
Beləliklə, gələn il Neft Fondundan dövlət büdcəsinə köçürüləcək vəsaitin 935 milyon manat və ya 7.3 faiz azaldılması nəzərdə tutulur. Müqayisə üçün bildirək ki, 2026-cı ildə Neft Fondundan transfertlərin dövlət büdcəsinin ümumi gəlirlərində payı təxminən 33.2 faiz təşkil edir. 2027-ci ildə isə bu göstəricinin 30.3 faizə enəcəyi gözlənilir. Bu da dövlət büdcəsinin gəlirlərində Neft Fondundan transfertlərin payının təxminən 2.9 faiz bəndi azalması deməkdir.