Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti 0,37% artaraq bir barelə görə 57,06 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 0,32% bahalaşaraq 53,94 dollara satılıb.
APA-nın məlumatına görə isə, sonuncu dəfə Brent markalı neftin qiyməti cari ilin dekabrın 12-də 57 dollar həddini keçə bilib.
Ötən gün ABŞ-ın Energetika Nazirliyi tərəfindən açıqlanan statistikada qeyd edilib ki, ölkənin kommersiya neft ehtiyatları 614 min barel artıb. Bu, cari ilin yanvar ayından etibarən ən aşağı artım səviyyəsidir. Beləliklə, bu amil neftin bahalaşmasına təkan verib.
Maraqlıdır ki, “Bloomberg” agentliyinin analitikləri ehtiyatların 1,5 mln. barel azalacağını proqnozlaşdırıb.
Təbii ki, nefti bahalaşdıran əsas amil OPEK və qeyri-OPEK ölkələrinin hasilatın azaldılması ilə bağlı əldə etdiyi razılaşmadır.
Yeri gəlmişkən, WTI markalı neftin qiyməti bu il ərzində isə 46% artıb.
Brent markalı neft isə bu il 53% bahalaşıb.
U.A.
www.oxu.az