Tarif Şurasının qərarı olmadan heç kimin qiyməti artırmağa ixtiyarı yoxdur.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, bunu Nəqliyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov Avtovağzal kompleksində gediş haqlarının qaldırılması ilə bağlı suala cavab olaraq bildirib.
“Qiymət artımı ilə bağlı rəsmi hər hansı göstəriş olmayıb. Bununla bağlı avtovağzalın xüsusi qiymət komissiyası var, belə məsələləri onlar araşdırır. Əgər sərnişinlərdə belə faktlar varsa, birbaşa ora müraciət edə bilərlər. Hansısa sürücü özbaşınalıq edibsə, komissiya tədbir görəcək.
Biz həmişə demişik ki, avtovağzal yalnız avtovağzaldan bilet alan sərnişinlər üçün məsuliyyət daşıyır. Hansı sərnişin avtobus sürücüsünə pul ödəyirsə, artıq günah sərnişinlərin özündədir. Kassadan bilet alınmalıdır.
Kənarda kim möhtəkirliklə məşğul olursa, bu məsələni araşdırmaq hüquq-mühafizə orqanlarının işidir. Amma söhbət avtovağzalda qiymət artımından gedirsə, onda bəli, biz buna məsuliyyət daşıyırıq və o halda ciddi tədbirlər görürük. Həmişə sərnişinlərə müraciət olunur ki, kənardan heç kəsdən artıq qiymətə bilet almasınlar.
Şəhər daxilindəki marşrutda da belə hallar olmuşdu, amma bununla bağlı sahibkarlara birbaşa göstəriş verildi və belə hallar aradan qaldırıldı. Dəfələrlə deyilib və bir daha bəyan edirik ki, Tarif Şurasının qərarı olmadan heç kimin qiyməti artırmağa ixtiyarı yoxdur. Kimsə subyektiv maraqları çərçivəsində belə bir addım atıbsa, təbii ki, öz cəzasını alacaq”.
N.Həsənov gediş haqlarının artırılması ilə bağlı hələlik Tarif Şurasına müraciət edilmədiyini bildirdi:
“Yaxın vaxtlarda belə müraciət gözlənilmir”.