Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 oktyabr tarixli 2469 nömrəli Sərəncamına əsasən ən müasir informasiya texnologiyaları əsasında yaradılan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 29 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etdiyi açılışdan sonra fəaliyyət göstərir.
Oxu.Az xəbər verir ki, NİİM fəaliyyətə başladığı ilk gündən nəzərdə tutulan fəaliyyət istiqamətlərinə və funksiyalarına, Azərbaycan Respublikası qanunvericiliyinin aidiyyəti normativ hüquqi sənədlərinə uyğun şəkildə Bakı şəhərinin əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təşkili, ictimai nəqliyyatın optimallaşdırılması və təkmilləşdirilməsi istiqamətində müəyyən işlər görüb.
Belə ki, 2014-cü ilin yekunlarına əsasən Mərkəzdə nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyatın hərəkəti barədə məlumatların nəqliyyat istifadəçilərinə çatdırılması, aidiyyəti dövlət qurumları ilə birlikdə nəqliyyatın vəziyyəti ilə bağlı problemlərin müzakirəsi və həll edilməsi istiqamətində müəyyən işlər görülüb.
Sistemin stabil işləməsi məqsədilə, aidiyyəti qurumlara NİİM tərəfindən il ərzində mütəmadi olaraq müraciət məktubları hazırlanıb göndərilib.
Şəhər sərnişin daşımaları sahəsində xidmət keyfiyyətini yüksəltmək, şəhərdə nəqliyyat tıxaclarının və digər nəqliyyat problemlərinin aradan qaldırılması məqsədilə Mərkəz tərəfindən bir sıra təkliflər işlənib hazırlanıb və baxılması üçün aidiyyəti qurumlara (Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, “BSN” MMC, “Azəryolservis” ASC və s.) təqdim edilib.
Həmçinin, Ak.H.Əliyev küçəsi ilə Azadlıq prospektinin, R.Behbudov küçəsi ilə A.Bakıxanov küçələrinin, A.Bakıxanov küçəsi ilə C.Hacıbəyli küçələrinin, Azadlıq prospekti ilə Zərifə Əliyeva küçələrinin kəsişməsində təklif olunan dəyişikliklərin və Z.Bünyadov prospektinin körpü və tunel hissələrinin sxemləri işlənib hazırlanıb. Bundan başqa, optimallaşdırılmış marşrut təkliflərinin 2D və “Operativ nəqliyyat vasitələrinin yollarda sərbəst hərəkət təşkili” təklifinin 3D animasıyaları Mərkəzin mütəxəssisləri tərəfindən hazırlanıb.
Bakı şəhərində il ərzində keçirilən dövlət tədbirləri (“City Challenge Baku 2014”, “Tour de Azerbaijan” və s.) və təmir-tikinti işləri ilə əlaqədar bəzi küçə və prospektlərdə (H.Əliyev.,Ü.Hacıbəyov küç., Z.Əliyeva küç., R.Behbudov küç., Z.Bünyadov pr. və s. ) nəqliyyat vasitələrinin hərəkətində sıxlığın yaranmama məqsədilə mütəmadi olaraq tərəfimizdən (DYP ilə razılaşdırmaqla) mərkəzi küçə və prospektlərə (R.Behbudov küç, Azadlıq pros., A.A.Bakıxanov küç. və s.) “yaşıl dalğa” əmri tətbiq edilib.
Nəqliyyat vasitələrinin sayının artmasına baxmayaraq NİİM tərəfindən görülmüş tədbirlərin nəticəsində ötən illərə nisbətən 2014-cü ildə əksər küçələrin ötürücülük qabiliyyəti, yəni nəqliyyat vasitələrinin orta sürəti və sayı aşağıdakı diaqramdan göründüyü kimi artıb:










2015-ci ildə paytaxtda keçiriləcək 1-ci Avropa Oyunları üçün Mərkəzin qarşısına qoyulan tədbirlərin həll olunması üçün mühüm işlər həyata keçirilib. Olimpiya Təşkilat Komitəsinin nəqliyyat məsələləri üzrə bölməsi ilə aktiv işlər yerinə yetirilməkdədir. İntellektual Nəqliyyat Sistemi çərçivəsində qurulan avtobus dayanacaqlarının Mərkəzlə əlaqəsi vardır və onların normal qaydada işləməsi üçün daimi nəzarət olunur. I Avropa Oyunları ilə bağlı oyunların keçiriləcəyi istiqamətlər üzrə əsas marşrutlar və idman obyektlərinə marşrutlar müəyyən olunub.
Nəzərdə tutulan idman obyektləri üzrə bütün marşrutlar və əsas marşrut üzrə hərəkət üçün işlər yerinə yetirilib. Hazırda isə bu obyektlərlə bağlı Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsi (BEGOC) ilə birgə test işləri həyata keçirilir. Hər bir obyekt üzrə marşrutun oyunlar zamanı necə fəaliyyət göstərməsi üçün analizlər aparılır və əlavə işlərin görülməsi üçün tədbirlər görülür. Eyni zamanda, I Avropa Oyunları ilə bağlı idman yarışlarının keçiriləcəyi ərazilərdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən işlənib hazırlanmış plana əsasən yollarda xüsusi Avropa Oyunları zolaqları ayrılacaq ki, bu yol zolaqlarından yalnız idmançılar, işçi heyət, qonaqlar istifadə edəcəklər.
Bu isə o deməkdir ki, həmin ərazilərdə yollar bağlanmayacaq. Əhali yolun digər zolağından istifadə edə biləcəkdir. Əlavə olaraq, I Avropa Oyunları ilə əlaqədar idman yarışlarının keçiriləcəyi məkanlara daha tez və vaxtında çatmaq üçün işçi heyəti, idmançılar, qonaqlar üçün ekspress marşrutlar – yəni ictimai nəqliyyat vasitələri də təşkil olunacaqdır.
İctimaiyyəti geniş şəkildə əhatə etmək və məlumatlandırmaq məqsədilə 2012-ci ilin avqust ayından etibarən NİİM sosial şəbəkələrdə (twitter və facebook) rəsmi səhifələrini açıb. 2013-cü ildə Facebook-dakı səhifənin daimi izləyiciləri 15000 nəfər təşkil edirdisə, 2014-cü ildə isə 30357 nəfər təşkil edib. NİİM-in sosial şəbəkələrdəki səhifələrində yollarla bağlı son vəziyyət istifadəçilərə çatdırılır, vətəndaşların şikayət və təklifləri operativ cavablandırılır, NİİM-in təşkil və iştirak etdiyi tədbirlərdən foto hesabatlar təqdim olunur, nəqliyyat sahəsində baş verən yeniliklər haqqında ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.
Əhaliyə 24 saat fasiləsiz xidmət göstərən “141” qaynar xəttinə daxil olan zənglər mütəmadi olaraq Mərkəzdə araşdırılır. Təklif xarakterli zənglər Mərkəzin aidiyyəti şöbəsi tərəfindən araşdırılır və gələcəkdə onların həyata keçirilməsinin mümkünlüyü müzakirə olunur. Bundan başqa irad xarakterli sorğular nəzərə alınaraq, müzakirə olunur və onlar üzərində işlərə başlanılır. Mərkəzin fəaliyyətinə aid olmayan zənglər, şikayət və sorğular isə aidiyyatı orqanlara yönləndirilir. Qeyd edək ki, 141 qaynar xəttinə cari il ərzində 33447 zəng daxil olub. Aidiyyəti zənglərin 30% şikayətlər, 69% məlumat xarakterli sorğular, 1% isə təkliflər təşkil edib.
NİİM-in nəzdində fəaliyyət göstərən “AVTO FM” radiosunda efir vasitəsilə sürücülər və sərnişinlər mütəmadi olaraq nəqliyyatın cari vəziyyəti ilə bağlı məlumatlandırılıblar. Cari ilin mart ayından etibarən hər çərşənbə günü “AVTO FM” radiosunda saat 17:00-dan 18:00-ədək “Dispetçer” verilişi yayımlanır. Verilişdə ictimai nəqliyyatla bağlı irad, təklif, şikayətlər aidiyyəti orqanların səlahiyyətli nümayəndələri tərəfindən yerindəcə cavablandırılır. Gün ərzində 30 dəqiqədən bir “AVTO FM” radiosunun efirində əhaliyə paytaxtın əsas küçə və prospektlərindəki vəziyyət haqqında məlumat verilir. Radioda tez-tez yol təhlükəsizlik qaydaları ilə bağlı sosial çarxlar yayımlanır.
Həmçinin, 2014-cü ilin 8 may tarixindən etibarən həftə içi hər gün 3 dəfə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi “ANS TV” və “ANS ÇM” radiosunun canlı efiri vasitəsilə əhaliyə Bakı şəhərinin əsas küçə və prospektlərində nəqliyyat axınının vəziyyəti haqqında məlumatları çatdırır, həmçinin müəyyən verilişlər vasitəsilə maarifləndirmə işləri həyata keçirir. Yaxın zamanlarda I Avropa Oyunları ilə əlaqədar Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsi ilə birlikdə Avto FM-də yeni layihənin həyata keçirilməsini planlaşdırılır.
NİİM-də mütəmadi olaraq İntellektual Nəqliyyat Sisteminin inkişafı istiqamətində tədbirlər planı, təkliflər işlənib hazırlanır, beynəlxalq təcrübədən istifadə edərək yeniliklər tətbiq edilir.
Cari ilin dekabr ayında Nyu York şəhərinin “Nəqliyyatın İnkişaf Siyasəti İnstitutu”nun mütəxəssislərinin iştirakı ilə NİİM-də təlim keçirilib. Məqsəd – bir çox meqapolislərdə artıq tətbiq edilən “Sürətli Avtobus Tranziti”inin ( Bus Rapid Transit) tətbiqi ilə əlaqədar yol hərəkəti idarəçiliyi, Sürətli Avtobus Tranziti konsepsiyası, standart dizayn və əməliyyat xüsusiyyətləri barədə biliklərin öyrənilməsi, “Nəqliyyatın İnkişaf Siyasəti İnstitutu”u ilə birgə əməkdaşlıq çərçivəsində təlim ekspertləri tərəfindən Bakı üçün “Sürətli Avtobus Tranziti”i konsepsiyası planına dair konkret və praktiki tədqiqat işinə dair müzakirələrin aparılmasıdır.
Məlum olduğu kimi, Nazirlər Kabineti “Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları”nı təsdiqləyib. Qaydalara görə, yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə istifadəçilərə göndərilməsi Azərbaycan Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən təmin edilməlidir. Hazırda NİİM-də bu layihənin həyata keçirilməsi üçün müvafiq məsələlər icra olunmaqdadır.