Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və “Azəryolservis” ASC-nin əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar.
Oxu.Az xəbər verir ki, iş günləri ilə müqayisədə bayram günlərində nəqliyyat vasitələrinin sayının azlığı nəzərə alınaraq həyata keçirilən işlərlə yanaşı, digər ərazilərdə nəzərdə tutulan işlər davam etdiriləcək.
Bunların sırasında Heydər Əliyev Mərkəzinin qarşısından Baş Polis İdarəsinə qədər olan hissədə asfalt-beton örtüyünün üst qatının yenilənməsi, Ziya Bünyadov prospektinin Azadlıq və Atatürk prospektləri ilə kəsişməsində yerləşən yolötürücülərin Xutor dairəsindən Böyük Şor istiqamətinə olan hissəsində temperatur tikişlərinin dəyişdirilməsi və hazırda həyata keçirilən digər işləri göstərmək olar.
Bundan əlavə, bayram günlərində Cəmiyyətin mərkəzi aparatında 24 saat ərzində fəaliyyət göstərən növbətçilər avtomobil yollarındakı vəziyyət və görülən işləri qeydə alacaqlar.
Məlumat vermək məqsədilə 012-493-76-17, 012-499-79-14 nömrələrinə zəng vuraraq növbətçilərlə əlaqə saxlamaq olar.
Günün 24 saatı ərzində nəqliyyat axınının vəziyyəti, yollarda yaranmış problemlər, ictimai nəqliyyatda sizi narahat edən məsələlərlə bağlı “141” NİİM-in Qaynar xəttinə müraciət edə bilərsiniz.
E.Ə.
www.oxu.az