Ekspertin fikrinə görə, qeyri-nağd ödəniş sistemlərinin inkişafına ölkəmizdə mane olan bir sıra amillər var.
Oxu.Az “Exo” qəzetinə istinadən bildirir ki, bu barədə açıqlamanı Davamlı İnkişaf Tədqiqat Mərkəzinin sədri Nəriman Ağayev verib:
“Azərbaycanda son illər ödəmə kartlarından əhalinin istifadə fəallığı azalıb. Bu proses ölkədə çox yavaş inkişaf edir. İlkin olaraq çox böyük aktivlik müşahidə edilirdi. Bu gün üçün 100 nəfərdən kredit kartları istisna olmaqla, yalnız 10 nəfər ödəmə kartından istifadə edir”.
Ekspertin sözlərinə görə, bütün bunlarla yanaşı ödəmə kartlarının və qeyri-nağd ödəmənin inkişafı kiber cinayətlərin artmasına yol aça bilər.
“Qeyri-nağd ödəmələrin müsbət tərəflərindən danışanda bəzi neqativ faktları da unutmaq olmaz. Mən sıravi istehlakçı kimi, deyə bilərəm ki, insanın özəl həyatını əlçatan edə bilər, çünki bu sistemdən istifadə zamanı onun şəhərdə hərəkatı, alış-veriş etdiyi mağazalar, aldığı məhsullar haqqında məlumatlar saxlanılır. Bu bizim ölkədə qeyri-nağd ödəmənin inkişafına mane olan əsas amillərdən biridir. Bütün bunlarla yanaşı belə kartları istehsal edən və bu sistemin inkişafında maraqlı olanlar əhali arasında düzgün maarifləndirmə işi aparmır”, - deyə ekspert qeyd edib.