Bu gecədən etibarən Nobel qardaşları prospektinin Cavanşir körpüsünə doğru, Süleyman Əhmədov küçəsi ilə kəsişməsindən Afiyəddin Cəlilov küçəsinədək olan hissəsi təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti üçün qısa müddətlik bağlanılacaq.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Oxu.Az-a verilən məlumata görə, Nobel prospekti ilə şəhərə doğru hərəkətdə olan nəqliyyat vasitələri Süleyman Əhmədov küçəsinə dönməklə Babək prospektinə doğru hərəkətlərinə davam edə bilərlər.
“Ağ şəhər” istiqamətindən çıxan nəqliyyat vasitələri üçün isə Nobel qardaşları prospektinin əks hərəkət istiqaməti ilə Neftçilər prospektinə çıxış təmin olunacaq.
14.07
Nobel qardaşları prospektinin Cavanşir körpüsünə doğru, “Ağ şəhər”in qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan təqribən 700 metrlik hissəsində təmir-tikinti işlərinə başlanılıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Oxu.Az-a verilən məlumata görə, həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılır.
Aparılan təmir işləri çərçivəsində sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəz olunacaq. Ümumilikdə 13 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Artıq yol boyu 1 400 paqon-metr səki daşı dəyişdirilib. Bundan başqa kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək, səth suların normal axıdılması üçün zəruri olan ərazilərdə yağış-kanalizasiya sistemi qurulacaq, yağış barmaqlıqları yenilənəcək.
Təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır və sürücülərdən imkan daxilində alternativ yollardan istifadə etməkləri tövsiyə olunur.
Qeyd edək ki, Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən “Ağ şəhər”ə qədər olan 1,6 kilometrlik hissəsində də təmir-tikinti işləri aparılıb. Artıq yol yeni görkəmdə sürücülərin ixtiyarına verilib.
E.Ə.
www.oxu.az