2017-ci ilin iyulun 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçən fərdi sahibkarların sayı 771 minə yaxınlaşıb.
Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə hər 6 fərdi sahibkardan 5-i "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq", "Ticarət; nəqliyyat vasitələrinin təmiri", "Digər sahələrdə xidmətlərin göstərilməsi" və "Nəqliyyat və anbar təsərrüfatı" sahələri üzrə qeydiyyatdan keçib.
Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (29,1%), Aran (21%), Gəncə-Qazax (14,5%) və Lənkəran (10,2%) iqtisadi rayonlarında qeydiyyata alınıb.
Sahibkarlıqla məşğul olan fərdi sahibkarların 78,4%-ni kişilər, 21,6%-ni isə qadınlar təşkil edib.
Qadınlar "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 27,3%-ni, "Digər sahələrdə xidmətlərin göstərilməsi" fəaliyyət sahəsində 25,8%-ni, "Ticarət; nəqliyyat vasitələrinin təmiri" fəaliyyət sahəsində isə 20,7%-ni təşkil edir.
Sahibkar qadınların 30,5%-i Bakıda, 18%-i Gəncə-Qazax, 17,9%-i Aran, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.
Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (22,7%), Gəncə-Qazax (26,8%) və Aran (18,5%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.
L.Ə.