Əgər vəziyyət optimist ssenari üzrə inkişaf etsə, 2025-ci il üçün neftin bir barelinin qiyməti 76 dollardan yuxarı qalxmayacaq, “The Wall Street Journal” OPEK-in strategiyası haqqında məruzənin qaralamasına istinadən bildirib.
Oxu.Az bu barədə RBK-ya istinadən xəbər verir.
OPEK-də Amerika neft-qaz şirkətlərinin neftin qiymətinin ucuzlaşmasının nəticələrinin öhdəsindən gəlməsindən və neft hasilatını indiki səviyyədə saxlamalarından narahatdırlar.
OPEK ekspertlərinin fikrincə, neftin qiyməti pis halda 2025-ci il üçün bir barelə görə 40 dollardan aşağı düşə bilər.
Xatırladaq ki, OPEK səbətindən (bu, kartelə daxil olan 12 ölkədən ixrac edilən neftin qiymətinə görə hesablanır) son satışların nəticəsinə görə bir barel neftin qiyməti 62,44 dollar olub.
Bugünkü İCE birjasının satışlarının gedişatında Brent markalı neftin fyuçersləri 2015-ci ilin iyun ayının çatdırılması ilə bir barel üçün 65 və 66 dollar arasındadır.
Məruzədə eləcə də OPEK ölkələrinə neft hasilatına dair sərt kvotalar, kartelə daxil olan ölkələrin hakimiyyətlərinin məhdudiyyətlərin neft sahəsinə sərmayələrin cəlb edilməsinə mane olmasına dair narazıçılığı ucbatından ləğv edilmiş de-faktoya qayıdış üzrə tövsiyələr də yer alır.
Əgər OPEK öz sıralarında ciddi intizamı saxlaya bilsə, o neft bazarına öz təsirini artıracaq, məruzə ilə tanış olan mənbə WSJ izah edib.
“Əgər onlar təşkilatı möhkəmləndirmək istəyirlərsə onların başqa seçimi yoxdur”, - o qeyd edib.
2015-ci ilin may ayında İranın neft naziri Bijan Namdar Zanqaneh bəyan edib ki, neftin münasib qiyməti bir barel üçün 70 və 75 dollar arasındadır. Nazir eləcə də deyib ki, İran hasilatı artırmaq niyyətinə dair OPEK-ə mühüm siqnallar göndərib.
O izah edib ki, islam respublikası üçün əsas bazar Asiya, daha sonra Avropadır.
“İran heç bir şərt altında neft bazarında itirdiyi payını bərpa etmək niyyətindən geri çəkilməyəcək”, - Zanqaneh vurğulayıb.
Daha öncə Səudiyyə Ərəbistanının neft naziri Əli Əl-Nəimi bəyan etmişdi ki, neftin qiyməti Allahın iradəsi ilə müəyyənləşdirilir.
“Heç kim neftin qiymətini müəyyənləşdirə bilməz, bu, Allahın işidir”, - Əl-Nəimi Səudiyyə Ərəbistanının neft hasilatını azaltmasının zamanına dair suala cavab verərkən bildirib.
Əl-Nəimi həmçinin, İrana qarşı sanksiyaların ləğvindən sonra İran neftinin bazara qayıtması perspektivlərinin onu narahat etmədiyini bəyan edib.