2014-cü ildə neftin ucuzlaşmasında siyasətin deyil, daha çox texnoloji və iqtisadi proseslərin təsir göstərməsi fikri ağlabatandır.
Oxu.Az-a bu sözləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban LUKOYL-un rəhbəri Vahid Ələkbərovun neftin qiyməti ilə bağlı fikirlərini şərh edərkən bildirib.
Ekspertin sözlərinə görə, 2008-2009-cu illər böhranından sonra neft sənayesinə böyük həcmdə investisiyalar yatırılması hasilatı artırmışdı:
“2008 və 2009-cu ildə dünyada baş verən böhrandan sonra, neft sənayesinə çox güclü güzəştlər yaradılmışdı və böyük həcmdə investisiyalar qoyulmuşdu. Bunun nəticəsində də hasilat artmışdı. Nəticədə də 2014-cü ildə baş verən proseslərin şahidi olduq”.
Ekspert bildirir ki, siyasi amillər isə bu məsələni daha da alovlandırdı.
“OPEK-ə üzv olan ölkələrin yaxın sammitdə neft hasilatının kvotasının azaldılması ya da artırması məsələsini isə zaman göstərər”-deyə, ekspert əlavə edib.
Qeyd edək ki, mayın 28-də, cümə axşamı “Rossiya 24” telekanalına verdiyi müsahibəsində Vahid Ələkbərov bildirmişdi ki, 2014-cü ildə neftin qiymətinin ucuzlaşmasında əsas rolu siyasət oynamadı:
“Burada siyasət azdır, daha çox texnoloji və iqtisadi proseslər var. ABŞ-da neftin hasilatını artırmağa imkan verən proseslər. İkincisi – bu, OPEK-ə üzv olan ölkələrin mövqeyidir, onlar payız sessiyasından sonra bəyan etdilər ki, istehsalat həcmini tənzimləməyəcəklər. Belə ki, onların bazarda olan payı azalır. Bazara OPEK-ə üzv olan ölkələr tərəfindən 87% nəzarət edilir, ona görə də bazar ani reaksiya verdi”-deyə, o əlavə etmişdi.
Ələkbərov OPEK-ə üzv olan ölkələrin yaxın sammitdə neft hasilatının kvotasının azaldılması barədə qərar qəbul ediləcəyini gözləyir:
“Düşünmürəm ki, OPEK kvotaları azaltmağa doğru dəyişəcək”, - o demişdi.
Ülviyyə R. Əli
www.oxu.az