Son dövrlərdə Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) və Zəngəzur dəhlizi regional kontekstdə diqqət mərkəzindədir. Orta Dəhliz vasitəsilə Azərbaycan üzərindən hərəkət edən yükün illik həcmi 2-4.8 milyon ton civarındadır. Dəmir yolu və liman infrastrukturu bu daşımaları mümkün edir, lakin layihənin əsas dəyəri sadəcə tranzit gəlirlərində deyil. Belə ki, Azərbaycan həm də bu layihələrdən siyasi və təhlükəsizlik maraqları baxımından maksimum yararlanmaq imkanı əldə etməkdədir.
Qeyd edək ki, Orta Dəhliz layihəsi Çin üçün böyük maraq doğur. Çin üçün dünya yük daşımalarının 80-90%-i dəniz yolu ilə həyata keçirilir, lakin qlobal geosiyasi gərginliklər, sanksiyalar və dəniz təhlükəsizliyi problemləri Pekini alternativ quru marşrutlarına yönəldir. Azərbaycan isə Çinə stabil, təhlükəsiz və Avropaya çıxış imkanı təmin edən quru xətt təklif edir; Ələt limanı və Bakı-Tbilisi-Qars dəmir yolu infrastrukturu ilə Çin mallarının Avropaya çatması daha sürətli və etibarlı olur.
Bu baxımdan Orta Dəhliz layihəsi yalnız iqtisadi maraqlar çərçivəsində deyil, siyasi və strateji baxımdan Azərbaycan tərəfindən reallaşdırılmaqdadır. 2000-ci illərin əvvəllərindən etibarən rəsmi Bakı iqtisadi və enerji siyasətini neftdənkənar strateji dayaqlara söykəyərək, regionda nəqliyyat diplomatiyasını əsas prioritetlərdən birinə çevirdi. Orta Dəhliz ideyası 2009-2013-cü illərdə beynəlxalq gündəliyə çıxarıldı və rəsmi Bakı onu yalnız yük daşıma marşrutu kimi deyil, həm də siyasi təhlükəsizlik və regional liderlik aləti kimi təqdim etdi. Başqa tərəfdən Bakının diplomatik həmlələri bir-birinə rəqib olan və fərqli iqtisadi-siyasi maraqları olan ölkələri bu platforma ətrafında qalmasını şərtləndirdi. Belə ki, Azərbaycan Türkiyə və Gürcüstanla Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsini həyata keçirdi, Çinlə "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Orta Dəhlizin quru komponentini razılaşdırdı və Rusiya ilə İranı bu marşrutu rəqib deyil, alternativ və balanslaşdırıcı xətt kimi qəbul etməyə razı saldı. Bu yanaşma Rəsmi Bakıya geosiyasi və strateji üstünlük təmin etməkdədir.
Yeri gəlmişkən, regional nəqliyyat layihələri təkcə iqtisadi baxımdan deyil, Azərbaycan və Türkiyəni birləşdirən əsas infrastruktur xətlərinə çevrilib. Gələcəkdə Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla birbaşa dəmir yolu əlaqəsi təmin olunacaq və bu xətt Türkiyənin Cənubi Qafqaza çıxışı üçün logistik bazaya çevrilir. Bu baxımdan, BTQ yalnız dəmir yolu deyil, iki qardaş ölkənin strateji(iqtisadi və hərbi) sinxronizasiyasını təmin edən layihədir.
Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirərək Türkiyənin Mərkəzi Asiyaya birbaşa çıxışını təmin edəcək. Regiondakı rəqib və düşmən ölkələrin müqavimətinə baxmayaraq, bu dəhliz beynəlxalq müstəviyə çıxarılıb və Azərbaycanın geosiyasi təsir mexanizmini gücləndirən strateji layihəyə çevrilib. Bu xətt həmçinin türk dövlətlərinin bir-birinə inteqrasiyasını, iqtisadi və logistik əlaqələrinin möhkəmlənməsini şərtləndirir.
Eyni zamanda, Orta və Zəngəzur dəhlizləri Avropa İttifaqı üçün də strateji əhəmiyyət daşıyır. Rəsmi Bakı vasitəsilə Avropa Çin və Mərkəzi Asiyadan gələn malların daha təhlükəsiz və sürətli şəkildə ötürülməsini təmin edir, enerji resurslarının çatdırılmasında Rusiyadan asılılığı azaldır. Eyni zamanda Qərb ölkələri bu layihələr vasitəsi Orta Asiyaya sürətli çıxış əldə edir ki, bu da bölgədə iqtisadi və siyasi maraqlarını etibarlı şəkildə qorunması deməkdir.
Ən əsası Azərbaycan bu layihələr vasitəsilə regional diplomatiyada çeviklik göstərmək imkanı qazanmaqla yanaşı dövlət resurslarını strateji layihələrə yönləndirmiş, geosiyasi neytrallığından maksimum istifadə etməklə Türkiyə ilə strateji inteqrasiyanı ən yüksək səviyyədə reallaşdırmaqdadır. Nəticədə Azərbaycan Orta və Zəngəzur dəhlizləri vasitəsilə yalnız tranzit ölkə deyil, regionun siyasi və logistik koordinasiya mərkəzinə çevrilməkdədir.
Beləliklə, bu layihələr rəsmi Bakı üçün sadəcə infrastruktur təşəbbüsü deyildir. Onlar Azərbaycanın strateji maraqlarını qorumaq, regional balansı möhkəmləndirmək və beynəlxalq təsir imkanlarını artırmaq baxımından zəruridir...
Aqil Vəlili