"2029-cu ildə dövlət büdcəsində qeyri-neft-qaz gəlirlərinin payının 70%-ə çatdırılması planlaşdırılır".
Oxu.Az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, ötən il büdcədə qeyri-neft-qaz gəlirlərinin payı 55.2%-ə çatıb:
"Bu, 2024-cü illə müqayisədə 2.8% bəndi çoxdur və 2029-cu ilə bizim hədəfimiz 69-70%-ə çatmaqdır. İcmal büdcənin qeyri-neft-qaz gəlirlərinin qeyri-neft-qaz ÜDM-ə nisbəti 28.7%-ə çatıb və icmal büdcənin qeyri-neft-qaz baza kəsiri qeyri-neft-qaz ÜDM-in cəmi 18.6%-nə bərabər olub. Bu da çox önəmli bir göstəricidir. Bizim büdcəmiz, bütün ölkələrdə olduğu kimi, kəsirlə proqnozlaşdırılır və bizim kəsrimiz, adətən, ümumi büdcə seqmentində proqnoz olaraq 2.2-2.5% ətrafında proqnozlaşdırılır", - nazir əlavə edib.