Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların payı artır. Bu artım xüsusən qeyri-büdcə təşkilatları üzrə yığımlarda müşahidə edilir.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bu barədə DSMF-nin sədri Elman Mehdiyev bildirib.
O deyib ki, bu ilin ilk 5 ayının nəticələrinə görə, fondun topladığı məcburi dövlət sosial sığorta haqları 664,7 milyon manat olub ki, bunun da 64,7 faizi və yaxud 430,1 milyon manatı qeyri-büdcə təşkilatları üzrə daxilolmalardır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 11,8 faiz artıb, qeyri-büdcə təşkilatları üzrə artım isə 13,6 faiz olub.
Onun sözlərinə görə, qeyri-büdcə daxilolmalarının belə sürətli artımı ölkəmizdəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin yaradılması, sığortaedənlərin qeydiyyatının gücləndirilməsi və əmək haqlarının leqallaşdırılması dərəcəsinin yüksəldilməsi hesabına təmin olunub:
“Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Bu ilin ilk 5 ayı ərzində pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün DSMF tərəfindən 1166,4 milyon manat vəsait yönəldilib və bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 154,1 milyon manat və ya 15,2 faiz çoxdur”.