2014-cü ilin sonunadək Azərbaycanın ən azı bütün rayon mərkəzləri və şəhərləri POS-terminallarla təmin ediləcək.
Oxu.Az Milli.az-a istinadən xəbər verir ki, bu barədə vergilər naziri Fazil Məmmədov Bakıda “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda keçirilən III Vergi Forumunda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, bu məsələ Azərbaycan Prezidentinin nəzarəti altındadır:
“Son vaxtlar ölkədə POS-terminalların sayı kəskin artıb, bu il ərzində nazirliyin kommersiya bankları ilə birgə işi nəticəsində ölkə ərazisində, xüsusilə Bakıda 30 mindən artıq POS-terminal quraşdırılıb”.
F.Məmmədov qeyd edib ki, nazirlik qarşısında ölkə ərazisində, ilk növbədə Bakı, Gəncə, Sumqayıt və bütün rayon mərkəzlərində 70-90 min POS-terminalın quraşdırılması vəzifəsi dayanır:
“Dövlət başçısı bu böyük layihəyə ciddi dəstək verir. Banklar hazır olduqlarını elan ediblər və artıq terminalların quraşdırılacağı obyektləri öz aralarında müəyyənləşdiriblər”.
Qeyd edək ki, 2014-cü il yanvarın 1-nə olan məlumata görə, ölkədə 33285 POS-terminal quraşdırılıb, bunlardan 28940-ı Bakının payına düşür.