Azərbaycanda problemli kreditlərlə bağlı hər bir bank üzrə tədbirlər planı hazırlanacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Qeyd olunur ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) hər bir bank üzrə problemli bankların kapitallaşdırılması ilə bağlı tədbirlər planı müəyyənləşdirəcək.
Plan müəyyən edilərkən potensial kapital mənbələri, qeyri-işlək aktivlərin sağlamlaşdırılması, bankların konsolidasiyası və s. imkanlar təhlil ediləcək.
Tədbirlər planında bank və onun səhmdarlarının, dövlət təşkilatlarının və digər əlaqəli tərəflərin vəzifələri müəyyən ediləcək (tədbirin icrasına başlanılıb). MBNP hər bir bank üzrə tədbirlər planının icrasına və nəzərdə tutulan işlərin vaxtında yerinə yetirilməsinə nəzarət məqsədilə monitorinq sistemi müəyyən edəcək.
MBNP aidiyyəti qurumlarla birlikdə problemli bankların minimum itkilərlə sağlamlaşdırılması və yaxud sistemdən kənarlaşdırılması üzrə kompleks institusional və hüquqi mexanizmlərə dair təkliflər hazırlayacaq.
Bu məqsədlə “Banklar haqqında” Azərbaycan Respublikasının 2004-cü il 16 yanvar tarixli Qanununda ediləcək dəyişikliklərin layihəsi hazırlanacaq və aidiyyəti qaydada təqdim olunacaq.
Bildirilir ki, prioritet çərçivəsində nəzərdə tutulan məqsədlərə nail olmaqda əsas risklərə problemli bankların restrukturizasiya tədbirlərinin tamamlanmaması, səhmdarların banklara əlavə kapital yerləşdirmək marağının, yaxud imkanlarının aşağı olması, bankların restrukturizasiyası üzrə institusional və hüquqi mexanizmlərin formalaşdırılmasında gecikmələrin, makroiqtisadi mühitdə neqativ meyillərin davam etməsi nəticəsində problemli bankların sayının artması kimi amillər aid oluna bilər.
Milli valyutanın devalvasiyasından sonra banklarda qeyri-işlək aktiv portfelinin həcmi artıb. Restrukturizasiya olunmuş kreditlərin dinamikası bankların kredit portfelinin keyfiyyətinin pisləşməsi tendensiyasının davam edəcəyini, qeyri-işlək kreditlərin həcminin artacağını göstərir.
Kredit risklərinin ötürülməsi alətlərindən istifadə edilməməsi risklərin bankların balanslarında qalması ilə nəticələnir.
Qeyri-işlək aktivlərlə iş prosedurlarını düzgün təşkil etməyən banklar böyük itkilərlə üzləşir. Beynəlxalq təcrübədə qeyri-işlək aktivlərin ixtisaslaşmış institutlara ötürülməsi aktivin bazar dəyərinin tam itirilmədən bərpasını təmin edir. Mövcud problemin həlli üçün qeyri-işlək aktivlərin restrukturizasiyasına ehtiyac var.
MBNP aidiyyəti qurumlarla birgə, qeyri-işlək aktivlərin idarə edilməsi bazarının formalaşdırılması üçün qanunvericilik bazasının yaradılması üzrə tədbirlər həyata keçirəcək.
Qanunvericilik bazası yaradıldıqdan sonra aktivlərin idarə edilməsi institutlarının tənzimləmə çərçivəsi müəyyən ediləcək. MBNP, Maliyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları qeyri-işlək aktivlərin satışını stimullaşdırmaq üçün yeni mexanizmlərin, xüsusilə vergi güzəştlərinin tətbiqi imkanlarını qiymətləndirəcək və müvafiq tədbirləri həyata keçirəcəklər.
U.A.
www.oxu.az