2014-cü ilin avqust ayının 6-da Rusiya Federasiyası prezidenti Vladimir Putin “Rusiya Federasiyasının təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında” Fərman imzalayıb, bu, Rusiyanın xarici sanksiyalara cavabı idi.
Xatırladaq ki, Krımın birləşdirilməsi və Ukraynada müharibədən sonra Rusiya çoxsaylı sanksiyalara məruz qaldı. Bu sanksiyalar Rusiya dövlətinin ayrı-ayrı simalarına, eləcə də Rusiyanın xarici dövlətlərlə ikitərəfli münasibətlərinə toxundu.
Buna cavab olaraq prezident Putin ABŞ, Aİ ölkələrinə, Kanada, Norveç və Avstraliyaya qarşı “ərzaq sanksiyası” tətbiq etdi. Bu sanksiyalara müvafiq olaraq adıçəkilən ölkələrdən müxtəlif malların və qida məhsullarının gətirilməsi qadağan edilirdi.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, cavab sanksiyalarının tətbiqinə qədər bu ölkələrin Rusiyaya idxalında payı 31,3% (948 milyon dollar) ibarət idi. Cavab sanksiyalarından bu kateqoriyada ən çox Polşa (258 milyon dollar), İspaniya (181 milyon dollar), ABŞ (təxminən 124 milyon dolar) və Yunanıstan (103 milyon dollar) zərər çəkib.
Rusiyaya tədarükü Türkiyə (263 milyon dollar, ölkənin meyvə və çərəz idxalında ümumi payı 8,7%-dən 22,6%-ə qədər artıb), Çin (121 milyon dollar), Azərbaycan (təxminən 66 milyon dollar) və Serbiya (təxminən 64 milyon dollar) artırıb.
www.oxu.az