"2025-ci ildə dövlət maliyyəsinin idarə olunması sahəsində mühüm müsbət nəticələr əldə edilib. Belə ki, 2025-ci ildə dövlət büdcəsinin mədaxili 39.2 milyard manat olmaqla, proqnoza qarşı 829 milyon manat və ya 2.2 faiz, 2024-cü illə müqayisədə isə 2 milyard manat və ya 5.4 faiz çox icra edilib".
Oxu.Az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, qeyri-neft sektoru üzrə daxilolmalar proqnozla müqayisədə 311 milyon manat çox icra olunmaqla, 20.4 milyard manat təşkil edib və büdcə gəlirlərinin 52 faizi olmaqla, 2024-cü ilin göstəricisini 756 milyon manat üstələyib:
"Dövlət büdcəsində qeyri-neft vergilərinin payının 59 faizə yüksəlməsi, əvvəlki illə müqayisədə isə 2.7 faiz bəndi artması büdcənin neft gəlirlərindən asılılığının azalmasının mühüm göstəricisidir. Ötən il vergi orqanlarının xətti ilə büdcəyə 16.4 milyard manat, gömrük orqanlarının xətti ilə isə 6.4 milyard manat vəsait təmin edilib. Vergi orqanlarının xətti ilə daxil olmuş vəsaitin 12 milyard manatı və ya 73.4 faizi qeyri-neft, 4.4 milyard manatı və ya 26,6 faizi neft sektorunun payına düşüb. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 680 milyon manat və ya 2024-cü illə müqayisədə 132 milyon manat çox olub".
"Hesabat dövründə Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulduğu həcmdə, yəni 14.5 milyard manat transfert edilib", - deyə S.Babayev əlavə edib.