Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev SOCAR-ın Yunanıstanın Qaz Nəqli Sisteminin Operatoru olan DESFA şirkətinin 66% səhmlərinin alınması barədə razılaşmanın Avropa Komissiyası tərəfindən təsdiqlənməyəcəyi barədə mətbuatda yazılanlara münasibət bildirib.
Oxu.Az xəbər verir ki, APA-Economics-in məlumatına görə, R.Abdullayev bildirib ki, bu yoxlamalar normal bir prosesdir: “Bu proses Avropa İttifaqına aid olan ölkələrdə bir az mürəkkəb həyata keçirilir. Yunanıstan da sözügedən birliyin üzvü olduğu üçün istər-istəməz biz də bu prosesləri keçməliyik. Hal-hazırda bu istiqamətdə iş gedir. Bu layihə daha çox Yunanıstana lazımdır. Digər halda investisiya yatırılası çox yerlər var və daha gəlirli layihələr mövcuddur. Bu layihə isə artıq Yunanıstanın marağındadır”.
E.Ə.
www.oxu.az