SOCAR Türkiyəyə yatırdığı investisiyaların həcmini 19,5 mlrd. dollara çatdırmağı planlaşdırır.
Oxu.Az xəbər verir ki, bunu “Anadolu” agentliyinə müsahibəsində SOCAR prezidenti Rövnəq Abdullayev deyib.
O bildirib ki, İzmirin Petkim yarımadasında inşa olunan “STAR” neft emalı zavodu layihəsi tamamlandıqdan sonra ikinci neft-kimya layihəsinə başlanılacaq: “Neft emalı zavodundan sonra 3 mlrd. dollar investisiya dəyəri olan ikinci neft-kimya layihəsinə başlayacağıq. Bu layihənin 2023-cü ilə qədər həyata keçirilməsi üçün əlimizdən gələni edir və işlərimizə vaxt itirmədən davam edirik. Türkiyənin neft-kimya məhsullarından qaynaqlanan 11,5 mlrd. dollarlıq cari kəsiri var. Biz də Türkiyədə həyata keçirməyi planlaşdırdığımız bu yeni layihələrlə neft-kimya sektorundakı cari kəsiri təxminən 3 mlrd. dollar azaltmağa çalışırıq”.
SOCAR prezidenti qeyd edib ki, “STAR” neft emalı zavodunda işlərin 90%-i icra olunub. Ən geci 2018-ci ilin sentyabr ayında zavodda istehsala başlanacaq.
“STAR” Türkiyənin 2,5 mlrd. dollarlıq cari kəsirini örtəcək.
L.Ə.