Rusiya hökumətinin baş naziri Dmitri Medvedev Moskva və Bakı arasında Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri ilə Rusiya ərazisindən tranzit nəqli haqqında müqavilənin müddətinin başa çatması haqqında sərəncam imzalayıb.
Bu barədə Vesti.Az vestikavkaza.ru saytına istinadən xəbər verir.
Hələ 1996-cı ildə bağlanılmış həmin hökumətlərarası müqavilə hər il 5 milyon ton Azərbaycan neftinin nəqlini nəzərdə tuturdu və bu zaman bir ton neftin nəqlinə görə 15,67 dollar qiymət müəyyənləşdirilmişdi. “Transneft” şirkətinin mətbuat katibi İqor Dyeminin sözlərinə görə, müqavilənin dayandırılmasına Azərbaycanın kəmərlə ildə cəmi 2 milyon ton neft nəql etməsi səbəb olub.
Müqavilənin müddətinin dayandırılması siyasi deyil, iqtisadi səviyyədə danışıqlara keçməyə və Rusiya üçün Azərbaycan neftinin cari qiymətləri ilə zərərli olmayan yeni tranzit tarifi seçməyə imkan verəcək.
Qeyd edək ki, məhz “Transneft” 2011-ci ilin avqustunda yuxarıda adı çəkilən müqaviləyə yenidən baxmağı və Azərbaycan üçün neft tranziti kvotasını 3-3,5 mln. tonadək azaltmağı təklif etmişdi. Bu addım “Transneft”in yarıboş və səmərəliliyin son həddində işləyən kəmərin saxlanılmasına hər il 50 milyon dollar pul xərcləməsindən irəli gəlirdi.
www.vesti.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin