Dövlət başçısının sərəncamı ilə 2006-cı il 25 avqust tarixli, 1638 nömrəli sərəncama dəyişiklik edilərək Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib.
Oxu.Az xəbər verir ki, dəyişikliyə əsasən, komissiyanın sədri Azərbaycan Respublikasının iqtisadiyyat naziri müəyyən edilib.
Xatırladaq ki, Azərbaycan Respublikası prezidentinin 2006-cı il 25 avqust tarixli, 1638 nömrəli sərəncamı ilə komissiyanın sədri vəzifəsini baş nazirin birinci müavini Yaqub Eyyubov icra edirdi.
Prezidentin sərəncamı ilə komissiyanın üzvlərinin siyahısına da dəyişiklik olunub.
Belə ki, yeni tərkibə 2006-cı ildə heyyətdən çıxarılan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini, mədəniyyət nazirinin müavini əlavə olunub.
O cümlədən yeni tərkibə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, gənclər və idman nazirinin müavini, Dövlət Turizm Agentliyinin sədri, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti daxil edilib.
Bundan əlavə, yeni tərkibdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri ilə əvəzlənib.