Bakıdan Rusiya sərhədinə qədər yeni avtomobil magistralının 2020-ci ilədək inşa edilməsi planlaşdırılır.
Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının geniş iclasında bildirib.
Onun sözlərinə görə, magistral Şimal-Cənub nəqliyyat koridorunun tərkib hissəsi olacaq.
Şimal-Cənub nəqliyyat koridoru Şimali Avropa ilə Cənub-şərqi Asiyanı, o cümlədən Azərbaycan, İran və Rusiyadakı dəmiryolu xətlərini birləşdirməyə yönəldilib. İlkin mərhələdə koridor vasitəsilə illik 6 milyon ton, gələcəkdə isə 15-20 milyon ton yükün daşınması nəzərdə tutulub.
Yüklər Hindistan ərazisindən və Fars körfəzindən keçməklə, İran, Azərbaycan, Rusiyaya, buradan isə Skandinaviya ölkələrinə və Şimali Avropaya cəmi 14 günə çatdırılacaq.