“Türk Axını” təbii qaz kəmərinin Yunanıstana qədər uzadılması məqsədilə Rusiya bu ölkə ilə ilk müqaviləni imzalayıb.
Oxu.Az xəbər verir ki, Rusiya Federasiyası energetika naziri Aleksandr Novak bildirib ki, Yunanıstan ərazisində baş tutacaq inşaat işlərinə 2016-cı ildə başlanacaq.
“İşlərin 2019-cu ildə isə yekunlaşdırılması planlaşdırılır” - deyə, nazir qeyd edib.
Bundan əlavə, Novak əlavə edib ki, inşaat işlərinin xərclərini Rusiya tərəfi qarşılayacaq:
“Bu layihədə hər iki ölkə bərabər pay bölgüsünə sahib ola bilər. İnşaat xərclərini ilkin mərhələdə Rusiya tərəfi qarşılayacaq, işlər bitdikdən sonra Yunanıstan Rusiyaya olan borcunu geri qaytaracaq”.
Yunanıstanın ətraf mühit və energetika naziri Panayotis Lafazanis isə bildirib ki, bu layihə digərlərinə rəqib deyil:
“Bu gün imza atdığımız müqavilə təkcə Rusiya ilə Yunanıstanı deyil, bütün Avropa xalqlarını bir-birinə bağlayacaq. “Türk Axını” Avropada reallaşdırılması nəzərdə tutulan digər layihələrə də rəqib deyil”.
““Türk Axını” layihəsi bütün bölgəyə sülh və sabitlik gətirəcək” - deyə, yunan nazir əlavə edib.
Qeyd edək ki, təbii qaz boru xəttinin illik nəqletmə qabilliyyəti 47 milyard kubmetr olacaq.
Ülviyyə R. Əli
www.oxu.az