Beynəlxalq Valyuta Fondu (BVF) bildirib ki, bu il Azərbaycanda dövlət büdcəsi üzrə kəsir ümumi daxili məhsulun (ÜDM) 6%-ni təşkil edəcək. Bu barədə iyun ayının ilk ongünlüyü ərzində BVF-nin Azərbaycanda səfərdə olan missiyasının rəhbəri Raca Almarzoqi məlumat verib.
Qurumun təmsilçisinin sözlərinə görə, fevralın 21-i tarixindən manatın ABŞ dollarına nəzərən 34% ucuzlaşdırılması büdcəni doldurmaq üçün geniş imkanlar yaratsa da, maliyyə sektorunda vəziyyətin nisbətən gərginləşməsi və digər amillər səbəbindən yeni problemlər ortaya çıxıb.
Bəs, əslində vəziyyət necədir?
Büdcənin icrasında problem varmı?
Cari ilin I rübündə dövlət büdcəsinin icra vəziyyətinə dair şərhimizdə yazmışdıq ki, göstəricələr qənaətbəxşdir. Belə ki, 2015-ci ilin I rübü ərzində dövlət büdcəsinə mədaxil 3938,8 milyon, xərclər isə 4198,8 milyon manat təşkil etməklə 251,0 milyon manat kəsir yaranmışdı.
Düzdür, son illər ərzində heç bir halda kəsir qeydə alınmamışdı. Yalnız, keçən ilin sonunda 2014-cü il üzrə dövlət büdcəsinin mədaxili 18400,5 milyon, xərcləri isə 18699,3 milyon manat təşkil etməklə 298,8 milyon manat kəsir yarandı ki, bu da maliyyələşmə mənbələri hesabına örtüldü.
Məsələ bundadır ki, cari ilin I rübündə də 251 milyon manat kəsir vəziyyətin kritik olduğunu söyləməyə əsas vermirdi. Ona görə ki, əvvəla, 2015-cü ilin I rübündə dövlət büdcəsinin mədaxili nəzərdə tutulandan 38 milyon manat və yaxud 1% artıq, xərclər isə 4189,8 milyon manat - nəzərdə tutulandan 10,1 % az yerinə yetirilmişdi.
Üstəlik, Dövlət Neft Fondundan (DNF) transfert də az həyata keçirilmişdi. Yəni, 1941,7 milyon manat... Keçən il eyni vaxtda isə 2342,6 milyon manat köçürülmüşdü. Halbuki, 2015-ci ilin dövlət büdcəsinə DNF-dan keçən ildəkindən 11,3 faiz çox - 10,39 milyard manat transfert həyata keçirmək planlaşdırılıb. 2014-cü ilin dövlət büdcəsində isə bu rəqəm 2013-cü ildəki ilə müqayisədə 17,7 faiz azaldılmışdı. Sözümüz bunda deyil.
Və ən əsası da I rübdə göstəricilərə əsasən büdcə gəlirlərində qeyri-neft sektorunun payı qənaətbəxş idi. Belə ki, Vergilər Nazirliyi (VN) tərəfindən proqnozun 102,6 % icra edilməklə dövlət büdcəsinə 1594,8 milyon manat vəsaitin təmin olunması və bunun da 69,5 %-nin, yəni 1051,6 milyon manatının qeyri-neft sektorunun payına düşməsi mühüm göstərici idi. 2014-cü ilin müvafiq dövründə isə bu göstərici 4,6 % az təşkil etmişdi.
Cari ilin yanvar-aprel aylarına gəldikdə isə büdcəyə 5,4 milyard vəsait daxil olub, 6,2 milyard manat xərclənib. Büdcə kəsiri ÜDM-in 4,9 %-nə bərabər olub. Büdcə xərclərinin 3,3 milyard manatının iqtisadiyyatın inkişafına, 666,7 milyon manatı sosial müdafiə və təminata, 578,2 milyon manatının isə təhsilə və səhiyyəyə yönəldildiyi bildirilib.
Cari ilin ilk 4 ayı ərzində büdcə gəlirləri keçən ilin eyni dövrünə nisbətən, 17,2% az, xərcləri isə 1,8 % artıq həyata keçirilmişdir.
İlin ilk 3 ayı ilə müqayisədə apreldə gəlirlər azalmış, xərclər nisbətən artıq olmuşdur. Bu da ondan irəli gəlib ki, apreldə də Fonddan transfert məhdud olub.
Lakin əsas bu deyil.
Yuxarıda qeyd etdik ki, I rübdə büdcə gəlirlərində qeyri-neft sektorundan daxilolmalar qənaətbəxş idi. Bunu ilin ilk 5 ayı üçün də qeyd etmək mümkündür. Belə ki, yanvar-may ayları ərzində VN xətti ilə dövlət büdcəsinə 2 milyard 848 milyon 882,7 min manat (1,6% çox) vəsait daxil olub ki, bunun da 1 milyard 905 milyon 879,0 min manatı qeyri neft-qaz sektorundan əldə edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,0% çox!..
Və ümumi vergi daxilolmalarında qeyri neft-qaz sektorunun xüsusi çəkisi 66,9%-ə çatıb.
Sual yaranır ki, belə vəziyyətdə BVF-nin kəsirlə bağlı proqnozuna görə narahat olmağa dəyərmi? Şübhəsiz ki, yox...
Yeri gəlmişkən, ilin I yarısı artıq başa çatmaq üzrə olsa da büdcəyə baxılmadı. Maliyyə naziri Samir Şərifov hələ aprelin əvvəlində bəyan etdi ki, 2015-ci ilin dövlət büdcəsi üzrə nəzərdə tutulan proqnozlara yenidən baxılmayacaq.
Belə ki, nazirin sözlərincə, bunun üçün heç bir zərurət yoxdur. Halbuki, neftin dünya bazarlarında qiymətlərinin büdcədə nəzərdə tutulandan təxminən 30-40 dollar səviyyəsində aşağı olması bunun qaçılmaz olduğunu deməyə əsas verirdi.
Ancaq 2015-ci ilin I rübündə dövlət büdcəsinin mədaxil hissəsinin nəzərdə tutulan proqnozdan qeyd olunduğu kimi artıq yerinə yetirilməsi və toplanılan verginin də az qala 70% hissəsinin iqtisadiyyatın qeyri-neft sektorundan yığılması və bu fonda da DNF-dan transfertin nisbətən az həyata keçirilməsi sözügedən məsələnin gündəliyə salınmasına əsas vermədi.
O ki qaldı maliyyə sektorunda vəziyyətin nisbətən gərginləşməsi və digər amillərə, BVF təmsilçisi özü də təsdiq edib ki, Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatlarının azalması tendensiyası artıq, dayanıb və hazırda ölkəyə 7 aylıq idxal səviyyəsindədir.
Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsində kəsir 1,662 milyard manat nəzərdə tutulub.
Pərviz Heydərov
www.oxu.az